Bakının Yasamal rayonu ərazisində yerləşən Mərkəzi Parkın ikinci hissəsi şəhər sakinlərinin və qonaqların ixtiyarına verilib.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dekabrın 30-da Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib.

Dövlət başçısına parkda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri İsmayıl bəy Qutqaşınlı küçəsindən Mərkəzi Banka qədər olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanlarının yaradılmasıdır.

Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Növbəti mərhələdə isə Mərkəzi Parkın ikinci hissəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, kommunikasiya xətlərinin yenidən qurulması, şəhər sakinləri və qonaqlar üçün istirahət parkının salınması istiqamətində işlər davam etdirilib. Layihəyə əsasən, Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşən parkın yeni hissəsinin qurulması üçün 6,4 hektar ərazi təmizlənərək abadlaşdırılıb, ən müasir infrastrukturlar və kommunikasiyalar çəkilib. Həmçinin yaşıllaşdırma işləri ərazinin iqlim şəraiti, florası və ətraf mühiti nəzərə alınmaqla aparılıb.

Parkın ərazisinin 4 hektarında müxtəlif növ ağaclar, gül və kol bitkiləri əkilib. Müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb. İki istirahət və oyun meydançası salınıb. Həmçinin parkda söhbətgahlar quraşdırılıb və istirahət mərkəzinin birinci hissəsi ilə ikinci hissəsini birləşdirən yeraltı piyada keçidi tikilib. Ərazidə iki açıq kafe, bir fəvvarə kompleksi və avtomobillər üçün açıq dayanacaq da fəaliyyət göstərəcək.

Mərkəzi Parkın ikinci hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” ərazisində salınan parkın ümumi sahəsi 26,4 hektara çatdırılıb. Park 5,4 kilometr uzunluğunda piyada yolları, 18 hektarlıq yaşıllıq sahəsi, 7 uşaq meydançası və 2 idman meydançası, digər özəllikləri ilə paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.