2022-ci ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. 2023-cü il isə “Heydər Əliyev İli” elan edilib.
2023-cü ildə biz Ulu öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.
Prezident İlham Əliyev bu sözləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib.Dövlət başçısı vurğulayıb ki, nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.
Prezident diqqətə çatdırıb ki, 2022-ci ilin iqtisadi göstəriciləri postpandemiya dövrü üçün qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə - 130 milyard manata çatıb.
Dövlət başçısı Azərbaycanın hərbi gücünün də artdığını, bu sahəyə daim böyük diqqət göstərildiyini deyib: “Eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq...”.