Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2003-cü il 14 yanvar

 

Prezident Heydər Əliyev Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin 10 illiyi münasibətilə Dövlət Akademik Opera və Balet Teatrında keçirilən Türkiyənin Qara Dəniz Filarmonik Orkestrinin konsertinə baxıb.

 

2003-cü il 23 yanvar

 

UNESCO nümayəndə heyətini (baş direktorun müavini Munir Buşеnаki və baş direktorun müşaviri Xоrst Rоdikе) qəbul edib.

“...İndiyə qədər Azərbaycan UNЕSCО ilə uğurlu əməkdaşlıq edibdir. Məmnunam ki, bizim bəzi tarixi-mədəniyyət аbidələrimizlə tanış оlmаq istəyirsiniz.

İçərişəhəri Dünyа İrs Siyаhısınа dахil еtdiyinizə görə UNЕSCО-yа təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu çохdаn оlmаlı idi. Çünki bu tarixi abidələr bütün dünyaya çохdаn məlumdur. Güman edirəm ki, bu iş sadəcə, siyahıya sаlınmаqlа bitməyəcəkdir. Yəqin ki, bu barədə geniş təbliğat işləri аpаrılаcаq və bizim bu tarixi abidələrimiz dünyada daha geniş təbliğ оlunаcаqdır. Bu isə bizim üzərimizə daha da çox həm vəzifə, həm də məsuliyyət qoyur.

Еtirаf etməliyəm ki, biz özümüz də yахın keçmişdə Аzərbаycаn хаlqının bu qədər zəngin, qiymətli, milli mədəniyyətini nümayiş etdirən abidələrə fikir verməmişik. Sоvеt dövründə bir çox belə abidələr dağılmışdı. Аncаq ХХ əsrin ikinci yаrısındаn sоnrа хаlqımız bu işlərlə ciddi məşğul оlmаğа başladı. Bu abidələr haqqında məlumatlar bir günün içərisində, yахud son оn ildə mеydаnа çıхmаyıbdır. Bizim fədakar alimlərimiz, tədqiqatçılarımız bu işlə daim məşğul оlublаr. Bахmаyаrаq ki, vахtilə hökumətin bu məsələlərə münasibəti о qədər də müsbət deyildi.

İndi isə müstəqil dövlət оlаrаq Аzərbаycаn, təbii ki, həm bu sərvətlərlə fəxr edir, həm də оnlаrın qorunub sахlаnılmаsını və dünyada təbliğ оlunmаsını özünün əsas vəzifələrindən biri hesab еdir...”.

 

2003-cü il 25 yanvar

 

Yazıçılar Birliyinin “Azərbaycan” jurnalını 80 illiyi münasibətilə təbrik edib. “Azərbaycan” jurnalı ölkəmizdə ədəbiyyatın və ədəbi-bədii fikrin inkişafında mühüm rol oynamışdır. Müasir və klassik Azərbaycan ədəbiyyatına əsas yer verən jurnal, eyni zamanda, Azərbaycan oxucusunu dünya ədəbiyyatının qiymətli nümunələri ilə müntəzəm olaraq tanış etmişdir. Bütün bunlar “Azərbaycan” jurnalını yarandığı gündən ədəbiyyatımızın güzgüsünə çevirmişdir”, – deyə təbrikdə bildirilirdi.

***

Əməkdar incəsənət xadimi, bəstəkar Musa Mirzəyevi 70 illik yubileyi münasibətilə təbrik edib.

 

2003-cü il 4 fevral

 

MDB-nin üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının 18-ci iclasının iştirakçılarını qəbul edib.

 

2003-cü il 6 fevral

 

TÜRKSOY ölkələri mədəniyyət nazirləri Daimi Şurasının 19-cu toplantısının iştirakçılarını qəbul edib.

“...Türkdilli dövlətlərin birliyi əmələ gələndən sonra bizim təşkilatlar içərisində ən irəli getmiş qurumlardan biri TÜRKSOY-dur. Biz türkdilli dövlət başçılarının toplantılarında, birinci növbədə, mədəni əlaqələri inkişaf etdirmək məsələsini qoyuruq. Təbiidir, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də vardır. Ancaq bunların hamısının kökündə mədəniyyət, dil, bizim adət-ənənələrimiz durur.

Bizi bir-birimizə bağlayan nədir? Dilimizin kökü. Düzdür, bəziləri bir-birini başa düşmür. Amma biz dilimizə görə eyni kökdən gəlmiş xalqlarıq.

İkincisi, bizim müştərək mədəniyyətimiz, ənənələrimiz, müştərək mənəvi dəyərlərimizdir. Bunlar əsrlər boyu türkdilli xalqları bir-birilə bağlayıb, birləşdirib, yaxınlaşdırıbdır. Sonra rus imperatorluğu, ondan sonra isə sovet imperatorluğu dövründə biz bunları itirmədik, ancaq bir-birimizdən bir qədər aralandıq. Doğrudur, tamam aralanmadıq, məsələn, Türkmənistan nümayəndələri ilə hər il görüşürdük. Türkmənistan pambıqçıları Azərbaycana gəlirdilər, bizim pambıqçılar Türkmənistana gedirdilər. Yəni bunlar var idi. Amma oturub danışmırdıq ki, axı, bizim dilimizin bir kökü vardır. Bizim yaxın adət-ənənələrimiz vardır. Çünki onda sovet ideologiyası, bir də ümumi sovet xalqı vardı. Get-gedə millətlər əriyib gedirdi, olacaqdı ümumi sovet xalqı...

Amma imperatorluq dağıldı, biz müstəqil olduq. Onda anladıq ki, bizim hələ ulu babalarımız vaxtilə həmişə bir yerdə olublar, bir kökdən gəliblər, bir yerdə vuruşublar. Bunların eyni adət-ənənələri, mahnıları, rəqsləri var. Ona görə də Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə, xüsusən mərhum Turqut Özalın təşəbbüsü ilə türkdilli dövlətlərin birliyi yarandı. Son dövrdə hər il dövlət başçılarının görüşünü keçiririk. Çalışırıq, iqtisadiyyatımızı irəli aparırıq. Amma mədəniyyət sahəsində sizin işləriniz bizimkindən də yaxşı gedir. Ona görə də mən sizi təbrik edirəm. Çox məmnunam ki, buraya toplaşmısınız. Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Qaqauziya, Tatarıstan, Başqırdıstan nümayəndələri buradadırlar.

Mən Moskvada Siyasi Büroda çalışanda, – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idim, – tıvalılar mənim yanıma çox gələrdilər. Mən Altayda oldum. O vaxt Dağlıq Altay Muxtar Vilayəti adlanırdı. Oradan məni Rusiya Federasiyası Ali Sovetinin deputatı seçmişdilər. Altay bizim babalarımızın qədim məskənidir. Mən o vaxt orada olarkən onlara deyirdim ki, siz türksünüz, onlar deyirdilər ki, biz dağlıq altaylılarıq. Amma onların mənə olan münasibətini görürdüm. Onlar isə mənimlə “qohum” olduqlarını boyunlarına almırdılar. Amma indi qohum olmuşuq. İndi görün nə qədər türkdilli diyar var. Xakasiya, Tıva, Altay, Saxa...”.

***

Dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirə gecəsində iştirak edib.

Hazırladı: V.Orxan

(davamı var)