2022-ci ildə bir yaşını tamamlayan Nizami Gəncəvi Vəqfi yeni ildə fəaliyyətini daha da genişləndirmək niyyətindədir.

Nizami Gəncəvi Vəqfi ilə Bakıdakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq haqqında memorandum da bu məqsədə xidmət edəcək. Sənədi Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov və Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç imzalayıblar.

Memorandumda iki qardaş ölkə arasında mədəni və elmi əlaqələrin gücləndirilməsi, türk xalqlarının tarixi, ortaq mədəni irsi, ədəbiyyatı, adət-ənənələri, eləcə də müasir mədəniyyətinin tədqiq və təbliği istiqamətində birgə fəaliyyətlər nəzərdə tutulur. Eyni zamanda Türk dünyasının tarixi şəxsiyyətlərini, ədib və mütəfəkkirlərini, xüsusilə Yunus Əmrə və Nizami Gəncəvi irsini daha geniş auditoriyaya tanıtmaq üçün birgə səy göstəriləcək. Bu əməkdaşlıq çərçivəsində xüsusi layihələrin, ortaq nəşrlərin həyata keçirilməsi də nəzərdə tutulur.