Yanvarın 5-də Bakıdakı Müqəddəs Məryəm Ana Katolik Kilsəsində “Müqəddəs Məryəmin nuru” adlı əsərin təqdimatı olub.
Tədbirdə ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Çıxış edənlər tolerantlıq nümunəsi olan Azərbaycanda multikultural dəyərlərə və ənənələrə həssaslıqla, hörmətlə yanaşıldığını vurğulayıblar. Bildirilib ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından da nümunəvi ölkə kimi xarakterizə olunur. Ölkəmizdə milli və dini müxtəliflik bəzi dövlətlərdən fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq mühitinin əsas komponentləri olaraq çıxış edir.
Qeyd olunub ki, 1993-cü ildə xalqın çağırışı ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, milli və dini tolerantlığı özündə əks etdirən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Müqəddəs Məryəmin təsviri olan əsər kilsəyə hədiyyə edilib. Qeyd edək ki, əsərin müəllifi rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülarə Salayevadır.