Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına və aidiyyəti qurumların həmin ərazilərdə monitorinqinə imkan verilməməsinə etiraz olaraq QHT təmsilçilərinin 2022-ci il dekabrın 12-də Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində başladıqları dinc aksiya davam edir.

Yanvarın 5-i ictimai fəallar və könüllülərin də qoşulduğu dinc aksiyanın 25-cü günü idi.

Aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolu ilə maneəsiz hərəkət edirlər.

İştirakçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində ingilis və rus dillərində tələblər yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Onların tələbləri isə dəyişməz olaraq qalır – ekoloji terrora son qoymaq, sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdəki faydalı qazıntı yataqlarının monitorinqinin aparılmasına imkan yaratmaq.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlılar tərəfindən müvafiq şərait təmin edilməyib və monitorinq baş tutmayıb.