Paytaxtdakı Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 5-də Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

Mərkəzdə yaradılan şərait barədə elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, Sona Vəlixan küçəsi 3 ünvanında yerləşən binada 1937-ci ildə Mərkəzi Pionerlər Sarayı yaradılıb. Məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün məşhur “Cücələrim” mahnısını yazıb. 1959-cu ildə kollektiv “Cücələrim” adlandırılıb.

1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il tarixli qərarı ilə pioner və məktəblilər sarayının adı dəyişdirilib, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılıb.

Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq, Təhsil Nazirliyinin  Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, ötən il isə ona publik hüquqi şəxs statusu verilib.

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan mərkəzin binası 2022-ci ildə əsaslı təmir edilib. Hazırda burada rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək var. Dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub.