2023-cü ildə biz Ulu öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr bu yolun təməlində dayanıb.
Prezident İlham Əliyev bu sözləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib.
Xatırladaq ki, dövlət başçısı 2022-ci il sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Dövlət başçısının noyabrın 28-də imzaladığı digər sərəncamla Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib.
Planda “Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi, şəhər və rayonlarda “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili, həmçinin ölkəmizin diplomatik nümayəndəlikləri tərəfindən əlamətdar illə bağlı tədbirlərin keçirilməsi və digər silsilə tədbirlər nəzərdə tutulub.
Prezident İlham Əliyev Yeni il müraciətində vurğulayıb ki, “Şuşa İli” elan edilən 2022-ci il ölkəmiz üçün uğurlu olub, qarşımızda duran bütün vəzifələr icra edilib, Azərbaycan daha da güclənib.
Dövlət başçısı deyib: “İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.
Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.
Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq Qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir.
Avqustun 26-da – nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.
Prezident 2022-ci ildə Böyük Qayıdış Proqramının icrasına başlanıldığını, birinci layihə kimi Zəngilan rayonunun Ağalı kəndində həyatın bərpa edildiyini, sakinlərin bir qisminin doğma torpağa qayıtdığını diqqətə çatdırıb: “Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər.
Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.
Əlbəttə ki, bununla paralel olaraq, minatəmizləmə işləri aparılır. Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır.
Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.
Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
Prezident azad edilmiş ərazilərdə tarixi binaların, o cümlədən məscidlərin bərpa edildiyini və yenidən inşa olunduğunu da vurğulayıb: “Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir”.
Prezident onu da qeyd edib ki, 2022-ci ildə regionlara 30 səfər edib və bu səfərlərin 21-i azad edilmiş torpaqlara olub.
Dövlət başçısı vurğulayıb ki, bundan sonra da ölkəmizin inkişafı və yeni nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. 2022-ci ilin iqtisadi göstəriciləri postpandemiya dövrü üçün qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektoru 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard manata çatıb.
“Əlbəttə, biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb. Yəni, Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir dollar kömək etməyiblər. Nəinki donor təşkilatları, heç kim bizə kömək etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq”, – deyə İlham Əliyev vurğulayıb.