Yanvarın 10-da C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda tanınmış animasiya rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olunacaq.

Bu barədə Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyev məlumat verib.

Yubiley tədbirində Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” (1978) və “Günlərin bir günündə...” (1975) animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab edilən, Məsud Pənahi tərəfindən Dövlət Film Fonduna təqdim olunmuş “Xoruz” filmi (1977) nümayiş etdiriləcək.

Məsud Pənahi 1966-cı ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini və institutun nəzdindəki animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib. 1973-cü ildən 1979-cu ilədək “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Məşhur “Pıspısa xanım və Siçan bəy” animasiya filminin müəllifidir. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Bulud niyə ağlayır?” animasiya filminə görə 1-ci mükafata layiq görülüb.

Rejissor ötən əsrin 80-ci illərindən Almaniyada yaşayır, müxtəlif studiyalarda 60-dan çox animasiya filminin çəkilişlərində iştirak edib. Azərbaycan diasporunun dəstəyi ilə 2012-ci ildə Xocalı faciəsindən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmini çəkib. 2020-ci ildə Berlində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.