I Dünya müharibəsində (1914-1918) Osmanlı Ordusunun Rusiya işğalı altında olan torpaqlarını (şimal-şərqi Anadolu) azad etmək üçün başlatdığı Sarıqamış hərəkatının minlərlə şəhidi yanvarın 6-8-də Qars vilayətinin Sarıqamış bölgəsində mərasimlərlə anılıb.

Anım mərasimlərində əvvəlcə Qarsdakı Kazım Qarabəkir paşa məscidində şəhidlərin ruhuna dualar oxunub. Sonra Sarıqamışın “15 Temmuz” demokratiya meydanında Çanaqqala Sənət Teatrı tərəfindən səhnələşdirilən “Vətən sağ olsun, Sarıqamış!” tamaşası nümayiş olunub.

Qars valisi Türker Öksüz Sarıqamış hərəkatının 108-ci ildönümü münasibətilə təşkil edilən mətbuat konfransında Sarıqamışın fədakarlıq, vətənpərvərlik və əzmkarlığın kədərli bir hekayəsi olduğunu söyləyib.

“Biz hər zaman eyni yoldayıq!”, “Türkiyə şəhidləri ilə yürüş edir!” şüarları ilə 10 dərəcə şaxtada təxminən üçkilometrlik dağ yolunda yürüş edən izdiham Yuxarı Sarıqamış şəhidləri məzarlığına gələrək Vətən övladlarının xatirəsini ehtiramla anıblar. Yürüş iştirakçıları Sarıqamışdakı Soğanlı və Allahu-Əkbər dağlarının arasında yerləşən Qızıl çubuq zirvəsinə qədər hərəkət ediblər.

Mərasimə ailə və sosial xidmətlər naziri Dərya Yanık, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, yerli hakimiyyət orqanlarının rəhbərləri, bölgədə yerləşən ordu birləşmələrinin komandanları və digər rəsmi şəxslər qatılıblar.

Qeyd edək ki, Sarıqamış şəhidlərinin anım mərasimlərində iştirak etmək üçün Türkiyə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclərdən ibarət böyük bir qrup Ankaradan “Şərq Ekspresi” sərnişin qatarı ilə Qarsa gəlib. Məqsəd XX əsrin ən ağır insan fəlakətləri sırasında yer alan Sarıqamış faciəsinin acılarını yaddaşlara yazmaq, şəhidlərin ruhuna ehtiram göstərməkdir.

Osmanlı Ordusu I Dünya müharibəsində – 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı mürəkkəb hava şərtləri (mənfi 20 dərəcə şaxta) və yetərli qış geyimi olmaması səbəbindən 40 minə yaxın hərbçisini itirib. Bu ağır fəlakət Osmanlı dövlətinin süqutuna əhəmiyyətli təsir göstərib.

***

Sarıqamış şəhidlərini andığımız bir gündə Nargin adasında məcburi həyat yaşayan əsgərlərimizə göstərdikləri köməyə görə qardaş Azərbaycan xalqına minnətdarlığımızı bildiririk.

Bu fikirlər isə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Sarıqamış faciəsinin 108-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada yer alıb.

Xatırladaq ki, I Dünya müharibəsi zamanı Osmanlı Ordusunun şərq cəbhəsində Rusiya tərəfindən əsir götürülmüş əsgərlərinin bir qismi Bakı yaxınlığında, Nargin adasında saxlanılıb. Yerli əhali o dövrün şərtləri çərçivəsində buradakı türk əsgərlərinə mümkün yardım göstərib.

Mehparə Sultanova
Ankara