İstanbul Universitetinin Ədəbiyyat fakültəsində “Qarabağ Zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” və “Güney Azərbaycan ədəbiyyatında 44 günlük Vətən savaşı” kitablarının təqdimatı keçirilib.

Nəşrlərin tərtibçisi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya üzrə elmlər doktoru, dosent Esmira Fuaddır.

Təqdimatda İstanbul Universitetinin professoru Mualla Uydu Yücel açılış nitqi ilə çıxış edib, nəşrlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Kitabların İstanbul Universitetində təqdimatının əlamətdar hadisə olduğunu deyən tərtibçi Esmira Fuad ədəbiyyatın tarixi hadisələrlə birlikdə izah edildiyini və Güney Azərbaycan türklərinin 44 günlük müharibədə Araz sahili boyunca toplaşaraq Quzey Azərbaycana dəstək verdiyini söyləyib. O, Qarabağ Zəfərinin gələcəkdə bədii ədəbiyyatda daha geniş əks olunacağını bildirib.