Tanınmış kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərslik işıq üzü görüb.

Dərslikdə peşəkar kino-teleoperator və fotoqraflar üçün kinematoqrafiya və foto sənətində istifadə olunan informasiya daşıyıcıları və işığahəssas qəbuledicilər, real görüntünün rəqəmsal informasiyaya və daha sonra optik təsvirə transformasiya üsulları, işığahəssas qəbuledicilərin həndəsi parametrləri, onların fotoqrafik xassələri, kino-fotolent və işığahəssas sensorların fotoqrafik xassələri arasında mövcud olan oxşar və fərqli cəhətlərlə bağlı bilgilər əksini tapıb.

Rafiq Quliyev bildirib ki, son illərdə tanınmış kinooperatorların uğurlu təcrübəsinə əsasən hətta, rəqəmsal kameralardan istifadə etməklə yüksək fotoqrafik keyfiyyətə, müəlliflərin nəzərdə tutduqları psixoestetik təsirə malik ekran görüntülərinə nail olmaq mümkündür: “Bunun üçün daim təkmilləşən rəqəmsal işığahəssas qəbuledicilərin həndəsi, fotoqrafik parametrləri, onların tənzimlənmə üsulları, ilkin görüntülərin transformasiyasının, rəng ayarlamalarının düzgün aparılması ilə bağlı biliklərə yiyələnmək zəruridir”.

Dərsliyin elmi redaktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, rəyçiləri Əməkdar incəsənət xadimləri Rəfail Qəmbərov, Adil Abbasov və Nizami Abbasovdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi şurasının qərarı ilə çapa tövsiyə edilən dərsliyin nəşri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilib.