Dövlət Tərcümə Mərkəzinin klassik Azərbaycan ədəbiyyatının təbliği istiqamətində fransız dilində ərsəyə gətirdiyi növbəti kitab – mütəfəkkir şair İmadəddin Nəsiminin qəzəllər toplusu Fransada nəşr olunub.

“Haqq yolu mən özüm oldum – İmadəddin Nəsimi” (“Les Nous divins s’ourrent sur ton visage – Imadeddin Nassimi”) adlı kitab Parisdəki “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, kitaba dahi şairin 200-dən çox qəzəli, eləcə də tuyuq və rübailəri daxil edilib. Əsərlərdə istifadə olunan bəzi mürəkkəb söz və ifadələr izah və şərhlərlə verilib.

Nəsiminin həyat və yaradıcılığını əks etdirən ön sözün və əsərlərin fransız dilinə tərcümə müəllifi tanınmış ukraynalı şair, tərcüməçi Dmitri Çistyak, izah və şərhlərin müəllifi Püstə Axundovadır.