Əməkdar rəssam Eldar Qurbanovun “Ömürdən səhifələr” adlı yubiley sərgisi açılıb

 

İçərişəhərdə yerləşən “Zaman Art” qalereyasında Əməkdar rəssam Eldar Qurbanovun 75 illik yubileyinə həsr olunmuş “Ömürdən səhifələr” adlı fərdi sərgisi keçirilir.

Yanvarın 6-da açılışı olan sərgi həm adı, həm də seçilmiş əsərlərlə maraq doğurur. Xüsusilə də rəssamın rəng seçiminin təzadları ziyarətçilərin diqqətini cəlb edir.

Sərgi ilə bağlı məlumat verən rəssam bildirdi ki, emalatxanasındakı 200-dən artıq əsərdən 92-ni nümayiş etdirmək üçün seçib. Bu qədər əsərin qalereyada eyni vaxtda sərgilənməsi mümkün olmadığı üçün nümayişi üç mərhələdə reallaşdırmaq qərara alınıb.

Qeyd edək ki, birinci mərhələdə rəssamın son illərdə ərsəyə gətirdiyi müxtəlif mövzulu peyzaj və portretlər sərgilənir. Yanvarın 21-də isə sərginin ikinci mərhələsi ziyarətçiləri qəbul edəcək. Bu mərhələdə 20 Yanvar hadisələrinə həsr olunmuş əsərlərə yer ayrılıb. Əsərlərdə həmin illərin ağrı-acıları əks olunub. Üçüncü mərhələ 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunacaq. Həmin sərgi qadın portretləri ilə işıqlanacaq. Beləliklə, “Ömürdən səhifələr” sərgisi üç ay sənətsevərlərin ixtiyarında olacaq.

Eldar Qurbanov 1948-ci ildə Bakıda dünyaya göz açıb. 1969-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda ADPU) Bədii qrafika fakültəsini bitirib. 1979-cu ildən Rəssamlar İttifaqının üzvüdür. İlk fərdi sərgisi 1987-ci ildə açılan rəssamın bu günə kimi Çexiya, Polşa, Bolqarıstan, Meksika, İtaliya, Almaniya, ABŞ, Türkiyə və digər ölkələrdə əsərləri sərgilənib.

***

Sərgini izlədikdən sonra rəssama bir neçə sual ünvanlayıram.

 

– Deyəsən, yubiley sərgisinə xüsusi hazırlaşmısınız...

– Etiraf edim ki, yubileyi qeyd etməyi və ümumiyyətlə, fərdi sərgi keçirməyi düşünmürdüm. Əvvəlcə “Zaman Art” qalereyasından bir neçə rəssamın iştirakı ilə kollektiv sərgidə iştirak təklifi almışdım. Müzakirələr zamanı bəzi rəssam dostların bu müddətə vaxtı olmadı. Sonra mənim şəxsi sərgimi keçirmək və qalereyanın açılışını etmək qərara alındı.

 

– Yubiley həm də sənət hesabatı sayılır. Həyəcan varmı?

– Bu günə kimi çoxsaylı fərdi sərgilərim olub. Yarızarafat deyə bilərəm ki, artıq yaşımın həyəcanverici məqamı keçib. İndi mənə öz işlərimə qalereyada qıraqdan baxmaq daha maraqlı gəlir. Eyni zamanda fərdi sərgi həmkarlarım, dostlarım və sənətsevərlərlə görüş üçün bir bəhanədir. Sərgi vasitəsilə dostlarımla, həmkarlarımla görüşmək və söhbət etmək fürsətindən məmnunam...

 

– Yaradıcılıq prosesiniz necə başlayır?

– Əvvəlcədən heç bir işi planlaşdırmıram. Emosional insan olduğum üçün elə anında nə gəldisə, onu da kətana köçürürəm. Eskiz etmək, plan qurmaq məsələsi məndən uzaqdır. Əgər bir mövzu düşündümsə, ilham pərisi mütləq gələcək. Həyat o qədər maraqlı və rəngarəngdir ki, ən kiçik bir nüans belə ilham pərisinin gəlməsinə vəsilə olur.

 

– Əsərlərinizin əsas qəhrəmanları qadınlardır.

– Bəli. Çünki qadınlar Yer üzündə ən cazibədar varlıqlardır.

***

Sərginin birinci mərhələsində rəssamın 25 əsəri nümayiş olunur. Natürmort, peyzaj, portret, abstrakt mövzuların üstünlük təşkil etdiyi bu əsərlərdə sənətkarın rəng seçimi, emosionallığı və simvolizmi diqqəti cəlb edir. Avtoportretlər isə xüsusi dəyərləndirilməlidir. Nədən? Çünki yubilyarın bir müsahibəsində qeyd etdiyi kimi, o hər zaman obyektiv olmağa çalışıb. Gəncliyində nə dərəcədə insanlara inanırdısa, bu gün də elədir. Nizamı, təmizliyi, dəqiqliyi sevir. Avtoportretlərdən də bunları duymaq olur. Sənətkarın yaradıcılıq üslubunda dürüstlüyə böyük hörmətin şahidinə çevrilirik. Təsvirlər, rəssamın tərzi konkret bir fikrə uyğun gəlmir. O səbəbdən ki, bu əsərlərdə realizm fantaziyaya, fantaziya isə realizmə çox yaxındır. Rəssam hamını razı salmağa çalışmır və “gərək olduğu kimi” deyil, gördüyü və hiss etdiyi kimi rəngləyir. Ətraf aləmin heyrətamiz səmimiyyəti və aniliyi, beləcə, tabloya köçür. Sənətkar bəzən bütün kompozisiya və perspektiv qanunlarını pozaraq dünyaya parlaq, mehriban baxışlarını ortaya qoyur.

Lalə Azəri