Artıq dördüncü aydır İranda davam edən rejim əleyhinə çıxışlar dini-siyasi rəhbərliyi geri addım atmağa vadar edib. Ölkənin ali rəhbəri Seyid Əli Xamenei ictimaiyyət nümayəndələri ilə görüşündə baş örtüyü geyinməyən qadınların İslam inqilabının düşməni kimi qəbul edilməsinin yanlış olduğunu bildirib. O qeyd edib ki, qadınlar baş örtüyündən istifadə etməyə bilərlər və buna görə onlara irad tutmaq düzgün deyil.

Xatırladaq ki, İrandakı daxili sabitlik məhz baş örtüyü səbəbindən pozulub. Sentyabrın 16-da iyirmi iki yaşlı qızın baş örtüyünü düzgün örtmədiyi üçün əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq öldürülməsi əhalinin küçə və meydanlara çıxaraq hökumət əleyhinə güclü etirazlara başlamasına gətirib çıxardı. Az keçmədi ki, tələblər siyasi xarakter daşımağa başladı. Artıq aksiya iştirakçıları baş örtüyünü qadağan edən qanunun ləğvini deyil, rejimin ləğvini tələb edirlər.

Ali rəhbərin mövqeyindəki dəyişiklik ölkədə sabitliyin nəyin bahasına olursa-olsun bərpa edilməsi istəyini göstərir. Lakin baş verən hadisələrin gedişatına baxdıqda bu açıqlamanın gecikdiyi görünür. Baş örtüyü qadağasının aradan qaldırılmasından sonra dinin dövlətdən ayrılması və buna bənzər digər tələblərin də irəli sürüləcəyi istisna edilmir. İranın tanınmış mədəniyyət, idman, ictimai xadimləri də aksiya iştirakçılarına dəstək verməyə başlayıblar. Görünən odur ki, İranda İslam inqilabı dəyərləri və dini-siyasi rejim tədricən dayaqlarını itirməkdədir.