Avropada işçi qüvvəsinə kəskin ehtiyac hiss olunur. Bu sahədə ixtisaslaşan “Avrostat” agentliyinin məlumatına görə, Avropa İttifaqı ölkələrində vakansiyalar ümumi işçi sayının 3,1 faizini təşkil edir. Otuza yaxın peşə növü üzrə işçi qüvvəsinin kəskin çatışmazlığı müşahidə olunur.
Niderland, Belçika və Çexiyada boş vakansiyalar göstəricisi 5 faizə yaxınlaşır. Almaniyada həmin göstərici 4,5 faiz, Fransa və İtaliyada təqribən 2,5 faiz təşkil edir.
Avropa Komissiyasının hesablamalarına əsasən, hazırda üzv ölkələrin əhalisinin 70 faizi əməkqabiliyyətli yaşdadır, 2070-ci ildə isə bu göstərici 54 faizə düşəcək. Hazırda yaşı 65-dən yuxarı olan əhalinin hər nəfərinə qarşı əməkqabiliyyətli yaşda olan cəmi üç nəfər var və bu meyil getdikcə dərinləşir. Bütövlükdə əhalinin qocalması faktına əmək bazarında inqilab üçün səciyyəvi səbəblər də əlavə edilməlidir. İspaniya, Portuqaliya və İtaliyada boş vakansiyaların artmasının daha bir səbəbi müəyyən sektorlarda əməkhaqqının aşağı və əmək şəraitinin qeyri-qənaətbəxş olmasıdır. Bu problemlər səhiyyə, mehmanxana və kənd təsərrüfatı sahələrində daha qabarıq təzahür edir.
Belə hesab olunur ki, əhalinin qocalması faktından əziyyət çəkən Avropa ölkələri son nəticə etibarilə əcnəbi işçi qüvvəsi üçün qapıları açmalı olacaqlar.