Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Heydər Əliyev ensiklopediyası” hazırlanacaq. Bununla bağlı işçi qrupu da yaradılıb.
Bu barədə yanvarın 10-da AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev: dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfransda akademiyanın prezidenti İsa Həbibbəyli məlumat verib.
Elmi konfransın AMEA-da “Heydər Əliyev İli” çərçivəsində ilk tədbir olduğunu deyən akademik İsa Həbibbəyli Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən, Azərbaycan elminin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Konfransda “Heydər Əliyev və mətbuat siyasəti”, “Azərbaycanda təbiət elmlərinin və aqrar elmin inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda müasir dövlətçilik ideyaları”, “Heydər Əliyev və Azərbaycan incəsənəti” və digər mövzularda məruzələr dinlənilib.