Vətən müharibəsi şəhidi Vüsal Babayevin 30 yaşı yanvarın 8-də Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) X.Natəvan adına 4 nömrəli kitabxana filialında qeyd edilib.

Əvvəlcə ikinci Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunub.

Anım tədbirində baş leytenant Vüsal Babayevin həyatından, döyüş yolundan söz açılıb. Vurğulanıb ki, o, ömrünün ən gözəl çağında Vətən uğrunda canını qurban verib.

Şagirdlər şəhid Vüsal Babayevə həsr edilmiş şeirlər söyləyiblər.

Yasamal rayon MKS-nin 4 nömrəli kitabxana filialının müdiri Aynur Babayeva həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə anım tədbirinə qatılanlara təşəkkürünü bildirib, xatirələrini bölüşüb.

Vüsal Babayev 2020-ci il oktyabrın 25-də həlak olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.