Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz ilə yaxın davam edən işğalı dövründə şəhər və kəndlərimiz dağıdılıb, bu torpaqlardakı bütün tarixi, mədəni və dini abidələrimiz vandalizmə məruz qalıb.

Milli Məclisin sədri Sahibə Qafarova bu sözləri yanvarın 9-da Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında çıxışı zamanı deyib.

İşğalçı dövlətin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmədən bəhs edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, hələ Qarabağda münaqişəyə başlamazdan öncə Ermənistanda yaşayan bütün azərbaycanlılar öz doğma torpaqlarından qovulmuşdu. Milli Məclisin sədri bildirib ki, müasir Ermənista dövlətinin məhz Qərbi Azərbaycan torpaqlarında yaradılmasını tarixi xəritələr və sənədlər də təsdiq edir. Tarixi şəhərimiz İrəvan 1918-ci ildə Ermənistanın paytaxtı elan edilib. 1920-ci ildə isə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. Bu da Azərbaycanın digər əraziləri ilə onun tərkib hissəsi olan Naxçıvanla, eləcə də Türkiyə ilə coğrafi əlaqəsinin kəsilməsinə gətirib çıxarıb.

İndiki Ermənistan adlanan ərazilərdə yaşayan azərbaycanlıların XX əsrdə bir neçə dəfə deportasiyaya məruz qaldığını xatırladan Sahibə Qafarova deportasiyaların son mərhələsinin 1988-1991-ci illərdə baş verdiyini deyib. Bildirilib ki, erməni tərəfi Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da tarixi irsimizi məhv etmək məqsədilə bütün tarixi və dini abidələrimizi dağıdıb, şəhər və kəndlərin Azərbaycan mənşəli adlarını dəyişdirib.

Milli Məclisin sədri Asiya Parlament Assambleyasının qitənin parlamentləri arasında yaratdığı dialoq zəmini, yaxın əməkdaşlıq imkanları barədə də danışıb. Bildirilib ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın Parlament Şəbəkəsinin yaradılması da eyni mərama xidmət edir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ümumi məqsədlərə çatmaq üçün Asiya Parlament Assambleyası ilə əməkdaşlıq etməyə hazırdır.

Bugünkü çoxtərəfli sistemin bütün ölkələrə fayda gətirəcək ciddi təkmilləşdirmələrə ehtiyacı olduğunu qeyd edən Sahibə Qafarova beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmasının, beynəlxalq təşkilatların ikili standartlardan çəkinməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Antalyada 9-10 yanvar tarixlərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası “Dəyişən beynəlxalq dinamikada çoxtərəfliliyin təşviqi” mövzusuna həsr olunub. Sessiyanın açılışında assambleyanın fəaliyyətdə olan sədri – Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Şentop, assambleyanın baş katibi Məhəmməd Rza Məcidi, üzv ölkələrin parlament sədrlərinin çıxışları dinlənilib.

Qeyd olunub ki, Asiya Parlament Assambleyası Türkiyənin sədrliyi dövründə daha böyük uğurlar qazanacaq. Vurğulanıb ki, parlament diplomatiyası qlobal məkandakı bütün proseslərə təsir göstərmək imkanına malikdir.

Sessiyanın iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvləri – Milli Məclisin deputatları da çıxış ediblər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyası sədrinin müavini seçilib. Assambleya sədrinin dörd müavini var.

***

Sessiya çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb. Görüşdə qeyd olunub ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Vurğulanıb ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu və geniş əlaqələr mövcuddur.

Antalyada Milli Məclisin sədri Sahibə Qafarovanın İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə də görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, postmünaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib.