9-11 mart tarixlərində Azərbaycan paytaxtında növbəti beynəlxalq tədbir – X Qlobal Bakı Forumu keçiriləcək.

Bu barədə forumun təşkilatçısı – Nizami Gəncəvi Beynəlxalq Mərkəzi özünün “Twitter” səhifəsində məlumat yayıb. Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq.

Qlobal Bakı Forumu Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər müzakirə olunur.

2022-ci il 16-18 iyun tarixlərində keçirilən IX Qlobal Bakı Forumu “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuşdu. Foruma 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbər və yüksək vəzifəli şəxsləri qatılmışdı.

Dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.