İndiyədək Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) tərkibində fəaliyyət göstərən Antalya Diplomatiya Forumu (ADF) müstəqil təşkilata çevrilib.

Bu barədə müvafiq qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənərək yanvarın 10-da Türkiyənin “Rəsmi” qəzetində dərc edilib. Hazırda qurumun təşkilatlanması üzərində işlər aparılır.

Qeyd edək ki, 2021-ci ildə qurulan Antalya Diplomatiya Forumu diplomatiya, siyasət və ticarətlə bağlı fikirlərin paylaşıldığı, siyasətçilər, diplomatlar və elm adamlarının iştirakı ilə Antalyada keçirilən yüksək səviyyəli toplantıdır.

Bu günə qədər ADF-nin “Yenilikçi diplomatiya: yeni dövr, yeni yanaşmalar” və “Diplomatiyanın yenidən qurulması” adı altında iki toplantısı keçirilib. Növbəti toplantı isə bu ilin mart ayına planlaşdırılıb. Azərbaycan da ADF-nin toplantılarında fəal iştirak edir.

Mehparə Sultanova
Ankara