11-12 yanvar tarixlərində Ankarada Türkiyə Ombudsmanlıq Qurumunun təşkilatçılığı ilə “XXI əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Türkiyə Prezident Administrasiyasında və Ankaradakı “Şeraton” hoteldə gerçəkləşən konfransda 35 ölkədən 50-dən çox ombudsman və insan hüquqları institutları nümayəndələrinin iştirak edir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva da beynəlxalq tədbirə qatılıb.

Konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib ki, hazırda insan hüquqları ilə bağlı çoxsaylı sənədləşmə, islahatlar və mexanizmlərin hazırlanması dönəmindən keçirik: “Ölkəmizdə də insan hüquqları ildən-ilə inkişaf edir və bunun əsası Osmanlı dönəmində qoyulub. Bir ölkədə ədliyyə, məhkəmə sisteminin böyük binalarda fəaliyyət göstərməsi əsas deyil, önəmli olan bu sistemin obyektiv işləməsidir. İnsanlar qanunu pozduqda düşünməməlidir ki, təkcə dövlətin qoyduğu qaydaları pozurlar, bununla həm də mənəvi-əxlaqi dəyərlərin pozulduğu anlaşılmalıdır. Osmanlıdakı ədalət sisteminin uğuru da bunda idi. Artıq insanlar bunun fərqindədirlər".

Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı (Ombudsman) Dmitro Lubinets qeyd edib ki, ötən il başlayan müharibə zamanında Azərbaycan ukraynalılara humanitar yardımını əsirgəməyib: “Azərbaycanlı həmkarımla çox yaxşı əlaqələrimiz var. Fürsətdən istifadə edərək verilən dəstəyə görə də Azərbaycanın rəhbərliyinə, həmkarım Səbinə Əliyevaya təşəkkür edirəm”.

Yanvarın 12-də müxtəlif sessiyalarla davam edən konfransda Türkiyə ilə bir çox ölkələrin ombudsmanları arasında əməkdaşlıq müqavilələri imzalanacaq.

Qeyd edək ki, konfrans çərçivəsində yanvarın 11-də Türkiyənin baş ombudsmanı Şərəf Malkoçun təşəbbüsü və iştirakı ilə Rusiyanın ombudsmanı Tatyana Moskalkova və ukraynalı həmkarı Dmitro Lubinets arasında üçtərəfli görüş keçirilib.

Mehparə Sultanova
Ankara