Norveçin paytaxtı Osloda “Deichman Bjorvika” Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by Cizgi” (“Cizgi”nin Şimal hekayələrə) adlı ekspozisiyasının açılışı olub.
Modelyerin “Cizgi” brendli kolleksiyasının təqdimatı Oslodakı “Azərbaycan Evi” və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil edilib.
Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunub.
Modelyer ekspozisiyasının Norveçdə, görkəmli arxeoloq, səyyah və yazar, Azərbaycana səfərlər etmiş Tur Heyerdalın vətənində təqdim etməkdən məmnunluğunu bildirib: “Tur Heyerdal uzun illər apardığı araşdırmalardan sonra belə nəticəyə gəlib ki, vikinqlər Azərbaycandan gəliblər – qədim zamanlarda onların məhz ölkəmizin ərazisindən Skandinaviyaya yolları başlayıb. Keçən ilin may ayında Oslo şəhərinin Cosmopolite konsert salonunda Qarabağ bölgəsinin milli geyim ənənələrini əks etdirən “Xarıbülbül və Qarabağ” dəfilesini təqdim etdim. Bu dəfə sərgi formatında Norveçin ornamentlərinə üstünlük verərək əsərləri təqdim etdim və bu da qonaqların böyük marağına səbəb olub...”.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları indiyədək ABŞ, Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan və digər ölkələrdə nümayiş etdirilib.