Pandemiyadan öncəki səviyyəni bərpa edə bilməyiblər
Londonun “Heathrow” hava limanı 2022-ci ildə 61,6 milyon sərnişinə xidmət göstərib ki, bu da öncəki illə müqayisədə üç dəfə çoxdur. Bununla belə, London aeroportunun sərnişində dövriyyəsi üzrə hələ pandemiyadan öncəki göstəricidən xeyli geri qalır. 2022-ci ildə sərnişin sayı 2019-cu ildəki səviyyənin 76 faizini təşkil edib. Hava limanının rəhbərliyi bu il sərnişin axınının 67,1 milyona çatacağını gözləyir.
Qeyd edək ki, dünyanın sərnişin dövriyyəsi və təyyarə-reys trafikinə görə böyük hava limanı Atlanta (ABŞ) aeroportudur. Pandemiyadan öncə bu hava limanından keçən sərnişin sayı 100 milyondan çox olub. İkinci yerdə Dubay, 3-5-ci yerlərdə ABŞ-nin Dallas, Denver, Çikaqo hava limanları, 6-cı sırada Tokio aeroportudur. London hava limanı bu reytinqdə 7-cidir. İlk onluqda Los-Anceles, İstanbul və Dehli aeroportları da var. Onların heç biri hələ pandemiyadan öncəki səviyyəni bərpa edə bilməyiblər.
Bu arada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları Dubaydakı Al-Maktum aeroportunu genişləndirməyi və onu dünyada ən böyük hava limanına çevirməyi planlaşdırırlar. Aeroportun yenidən qurulması layihəsi BƏƏ hökumətinin saytında dərc edilib.
Hava limanının genişləndirilməsi işlərini 2027-ci ilə qədər tamamlamaq nəzərdə tutulur. Bundan sonra liman ildə 260 milyona qədər sərnişinə xidmət edə biləcək. Sahəsi təqribən 65 kvadrat kilometr olan ərazidə beş uçma-enmə zolağı yerləşdiriləcək.
Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı da paytaxt aeroportunun genişləndiriləcəyini elan edib. Həmin plana görə, Ər-Riyad hava limanı 2030-cu ildən etibarən hər il 120 milyona yaxın sərnişin qəbul edə biləcək və beləliklə, dünyada ən iri aeroportlardan birinə çevriləcək.