İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın Qarabağ bölgəsində – Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan yerlərdə ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarını pisləyib. Bu barədə İƏT Baş Katibliyinin bəyanatında qeyd olunub.

Bildirilib ki, bu, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın pozulmasıdır.

“Beynəlxalq hüquqa və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən, faydalı qazıntı yataqlarının ekoloji amillər nəzərə alınmadan istismarı nəinki qanunsuzdur, həm də ciddi və qanuni narahatlıq doğurur”, – deyə bəyanatda qeyd olunub.

İƏT Baş Katibliyi bütün tərəfləri fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirib.

Bəyanatda həmçinin 2022-ci il martın 22-23-də Pakistanın İslamabad şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında qəbul edilmiş qətnamə xatırladılaraq, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və hörmət prinsipləri əsasında normallaşdırılmasına çağırış edilib.