1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilat hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənləri olmuş ərazilərdən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli olmayan ədalətsizlikdir.

Bu barədə Qərbi Azərbaycan İcmasının BMT-yə və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətində deyilir.

Müraciətdə qeyd olunur ki, Ermənistanda azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, qətliam və insanlıq əleyhinə digər cinayətlərlə həyata keçirilib. Bu proses 1918-21, 1948-53 və 1988-91-ci illərdə xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində 1991-ci ildə Ermənistan ərazisindən sonuncu azərbaycanlı ailələr zorla deportasiya olunub. Azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Müraciətdə qeyd edilir ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid törədir.

Diqqətə çatdırılır ki, Qərbi Azərbaycan İcması Dünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların statusuna dair Konvensiyada və digər beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıdışının təmin olunmasına çalışır.

İcma BMT-yə üzv olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına yardım göstərməyi xahiş edir.