Agentlik qanun layihəsi hazırlayıb

 

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edilməsini özündə əks etdirən qanun layihəsi hazırlanıb.

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bunu yanvarın 12-də qurumun 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib. Qeyd edib ki, qanun layihəsinə əsasən, media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad olunacaq. Həmçinin istehsal etdikləri media məhsullarının təqdim olunması əlavə dəyər vergisindən azad ediləcək. Qanun layihəsi müvafiq orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.

Əhməd İsmayılov diqqətə çatdırıb ki, 2022-ci ildə “Media haqqında” qanun qüvvəyə minib. Qanunda nəzərdə tutulduğu kimi, qəzet, xəbər saytı və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb. Jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların istehsalı (nəşri) ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad olunub. Çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə “E-köşk” qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, həmçinin Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması “Metrix” proqramı istifadəyə verilib. 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar olub, media menecerləri və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib.

İcraçı direktorun sözlərinə görə, Media Reyestrinə qeydiyyatın başladığı iki ay ərzində 200-dən artıq media subyekti müraciət edib. 160-a yaxın media subyektinin müraciəti artıq təsdiq edilib, eləcə də 180 nəfərə yaxın jurnalist isə media reyestrində qeydiyyata alınıb.

Agentliyin hədəfləri barədə danışan Əhməd İsmayılov bildirib ki, əsas hədəflər ənənəvi medianın rəqəmsal mediaya uğurlu keçidinin təmin edilməsi, media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsi, media subyektlərinin uğurlu biznes modelinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması, media subyektlərinin müasir dünya trendlərinə uyğunlaşdırılmasıdır.

MEDİA-nın fəaliyyət istiqamətləri barədə danışan icraçı direktor qeyd edib ki, bunlar əsasən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, mediaya dəstək layihələrinin həyata keçirilməsi, jurnalistlərin peşəkarlığının, media sahəsində təhsilin keyfiyyətinin artırılması, MEDİA-nın kommunikativ aktivliyi, beynəlxalq əməkdaşlığın inkişafı, araşdırma və təhlillərin aparılmasıdır.