“Eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqləndiyinə görə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir. Sözügedən mətbuat konfransı zamanı Ermənistanın Baş naziri həm Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda, Qərbin təşviq etdiyi həll yollarına üstünlük verilməsindən danışıb”, – Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın hökumət başçısı Nikol Paşinyanın yanvarın 10-da mətbuat konfransı zamanı söylədiklərini şərh edərkən belə deyib.

Mariya Zaxarova bildirib ki, daha öncə Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışlarında Qarabağ məsələsi ilə bağlı həm ikitərəfli formatda, həm də beynəlxalq mexanizmlər çərçivəsində, o cümlədən 2020-ci ilin 10 noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatın şərtlərinin həyata keçirilməsi ilə əlaqədar Rusiyanın səylərinin xronikasını ətraflı təsvir edib: “Praqada 2022-ci ilin oktyabrında keçirilmiş sammitin yekunlarına dair bəyanatda öz əksini tapıb ki, Azərbaycanla sülh müqaviləsi hazırlamaq üçün rəsmi İrəvanın 1991-ci il Almatı Bəyannaməsinə əsaslanmağa razı olması danışıqlar prosesinin gedişini kökündən dəyişib. Almatı Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq etmişdi. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin tənzimlənməsində bu məqamı nəzərə almamaq olmaz”, – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.

O, həmçinin xatırladıb ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin sülh müqaviləsini müzakirə etmək üçün növbəti görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi. Azərbaycan və Ermənistan liderləri buna razılıq vermişdilər. Lakin Ermənistan rəhbərliyi son anda ölkənin xarici işlər nazirinin səfərini ləğv etdi: “Bu isə təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu. Əgər erməni həmkarlarımız, həqiqətən də, üçtərəfli sazişlərin ən yüksək səviyyədə və hərtərəfli qaydada həyata keçirilməsi istiqamətində müəyyən edilmiş problemlərin həllində maraqlıdırlarsa, birgə işi davam etdirmək lazımdır. Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”.