“Qarabağda Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq”

 

O gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar. Birincisi, hər kəs bunu artıq gördü ki, orada blokadadan söhbət gedə bilməz.

Prezident İlham Əliyev bu sözləri yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində azərbaycanlı ekofəallar və könüllülərin Laçın-Xankəndi yolu üzərində bir aya yaxın davam edən dinc aksiyası barədə danışarkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir: “Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq”.

Prezident qeyd edib ki, bu dinc aksiyaya erməni tərəfin yaydığı dezinformasiya zəminində kimlərinsə blokada deməsi, sadəcə olaraq, insafsızlıqdır: “Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili, – bu, hələ bir ay olmayıb, – oradan keçib. Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib, onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni, biz hər şeyi görürdük, hər şeyi bilirdik. Bilirik ki, Rusiya sülhməramlı kontingentinin yük maşınlarının sayı nə qədərdir, ayda nə qədər girir, nə qədər çıxır və indi nə qədər girir, nə qədər çıxır. Təbii ki, onlar orada yaşayan ermənilər üçün ərzaq da və digər lazım olan vasitələr də aparırlar. Biz buna etiraz etmirik. Bizim məqsədimiz blokada deyil. Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib. Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər...”.

Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlanmasaydı...

Prezident bildirib ki, hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni əhalisi, Azərbaycanın digər yerlərindəki əhali kimi, bu dövlətin vətəndaşları kimi bütün hüquqları təmin olunmaqla yaşaya bilərlər: “Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, –  o bir nəfərin (Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə yaxınlaşaraq onlardan yemək, siqaret istəyən, soyuqda qızınmağa yer axtaran erməni sakin – red.) oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, –  onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar.

Əlbəttə, bu, bizim əlimizdə nədir ki? Heç nə. Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır”.

 

***

 

Dövlət başçısı jurnalistlərin Ermənistanın postmüharibə dövründə davranışı, 2022-ci ildə Azərbaycan-Ermənistan şərti sərhədində, eləcə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə baş vermiş silahlı insidentlər və erməni tərəfin revanşim illüziyaları barədə suallarına da ətraflı cavab verib.

“Mən ümid edirəm ki, artıq Ermənistan açıq-aydın dərk edir ki, bu təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur olub tədbirlər gördük, biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda, avropalı tərəfdaşlarımıza da bildirmişdik ki, əgər biz təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Hesab edirəm ki, o cümlədən ona görə də beynəlxalq aparıcı qüvvələrin reaksiyası bu hadisələrə adekvat olmuşdur. Yəni, bizi heç kim qınamamışdır, heç kim bizi günahlandırmamışdır. Çünki hər kəs görürdü ki, bu, toqquşmaların səbəbkarı biz deyilik”, – deyə İlham Əliyev bildirib.

 

Bunu nə qədər tez anlasalar, o qədər yaxşı olacaq

 

Ötən ilin martında həyata keçirilən Fərrux əməliyyatı (Xocalı rayonu ərazisindəki Fərrux dağında yüksəkliklərin nəzarətə götürülməsi – red.) barədə danışan dövlət başçısı diqqətə çatdırıb ki, bu əməliyyatın əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi: “Eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Hətta Xaçınçay su anbarının təmiri də mümkünsüz idi. Yəni, ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün. Onlar hesab edirdilər ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt o ərazilərdə hər hansı bir əməliyyat aparmayacaq. Biz bu mifologiyanı da darmadağın etdik. Bu, bizim ərazimizdir və orada ciddi əməliyyat aparmamağımızın səbəbi ondan ibarət deyil ki, kimdənsə qorxuruq, sadəcə olaraq, biz hesab edirik ki, indi istədiyimizə siyasi yollarla nail olmalıyıq. Əfsuslar olsun ki, o, dərs olmadı və Sarıbaba, Qırxqız və digər istiqamətlərdə çox genişmiqyaslı minalama prosesi gedirdi. O minaların hamısı aşkarlandı və 2021-ci ilin Ermənistan istehsalı olan minalar ora necə gəlib çıxdı? Bax, bu suala bu günə qədər Rusiya sülhməramlı qüvvələri cavab verə bilmirlər. Nə cavab verəcəklər? Biz hətta onları da oraya dəvət etdik. Türkiyə-Rusiya Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və göstərdik ki, gəlin baxın, ərazimizə necə keçib, kim daşıyıb, kim buna cavabdehlik daşıyır? Sarıbaba, Buzlux, Qırxqız əməliyyatları, o cümlədən “Qisas” əməliyyatı ona görə idi ki, ermənilər bizim hərbçimizi qətlə yetirmişdilər, şəhidimiz olmuşdu və bir daha gücümüzü göstərməli olduq. Hesab edirdik ki, nəhayət, bu, dərs olacaq, yenə də dərs olmadı və sentyabr toqquşmaları qaçılmaz olmuşdu”.

Prezident daha sonra deyib: “Mən indi ümid edirəm ki, bundan sonra belə hallar olmayacaq. Çünki son bir il ərzində – mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki mən bunu demişəm, artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq.

Yenə də demək istəyirəm, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.

 

Böyük Qayıdışın xoşbəxtliyi

 

Prezident işğaldan azad olunmuş torpaqlara 2022-ci ildə Böyük Qayıdışın ilk addımının atılmasından da danışıb, Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin qayıdışının onda doğurduğu hissləri bölüşüb: “Xoşbəxtlik hissləri. Mən onlar qədər xoşbəxtəm, yəni, onlardan fərqlənmirəm. Çünki onları orada görmək, gözlərini görmək, onların sevincini görmək, doğrudan da, böyük xoşbəxtlikdir, həddindən böyük xoşbəxtlikdir. Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək”.

Dövlət başçısı qeyd edib ki, hazırda Laçında yüzlərlə ev yenidən qurulur, təmir edilir. 2023-cü ilin sonuna qədər laçınlıların birinci qrupu öz torpaqlarına qayıdacaq: “Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq. Bununla paralel olaraq, biz bir çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq.

Əlbəttə ki, təhlükəsizlik məsələləri də ciddi nəzərə alınmalıdır. Çünki əfsuslar olsun ki, 279 azərbaycanlı mina partlayışlarında ya həlak oldu, ya da ki, öz sağlamlığını itirdi. Ona görə oraya qayıdacaq soydaşlarımız çox ehtiyatlı olmalıdırlar, ancaq icazəli yerlərə getməlidirlər. Artıq biz bu il Böyük Qayıdışın sürətli inkişaf mərhələsinə başlayırıq”.

Prezident vurğulayıb ki, müvafiq infrastruktur olmadan insanları köçürmək mümkün deyildi: “Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Biz azad olunmuş torpaqlarda 11 su elektrik stansiyasını inşa etdik və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Yəni, bu, böyük rəqəmdir və bölgəni indiki şəraitdə tam təmin edir. Bu, ümumi sistemdə olduğu üçün, əlbəttə ki, bərpaolunan enerji növlərinin bizim enerji balansımızda payını da artırır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.

Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq. Əkin işləri gedir, çünki müharibədən dərhal sonra göstəriş verildi ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün, yəni, buna yaxınlaşmaq üçün vaxt itirmədən işlərə başlayaq. Təqribən 60 min hektarda taxıl səpini aparılmışdır.

Bağçılıq inkişaf edir, sənaye parkları. Məsələn, Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq investisiya layihələri təsdiqləndi, Cəbrayıl Sənaye Parkında 10 milyonluq. Yəni, bunlar o bölgələr üçün kifayət qədər böyük məbləğdir. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Mindən çox kiçik sahibkar müraciət edib, bütün müraciətlərə baxılır.

İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı bəlkə 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. Təsəvvür edin, 50 kilometr tunel nə deməkdir. Yəni, çox tələsirəm mən, tələsirəm. Amma, eyni zamanda, özümə deyirəm ki, tələsmək olmaz, hər şey qayda-qanunla olmalıdır, tender olmalıdır, bütün şəhərsalma qaydaları təmin edilməlidir. Ona görə bu baş planların təsdiqlənməsi, sonra inşaat işlərinin başlanması bir qədər çox çəkir. Əlbəttə ki, bu, məni narahat edir, amma digər tərəfdən biz sıfırdan başlayırıq. Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib...  Yəni, çox genişmiqyaslı planlarımız var və necə deyərlər, Allah nəsib edərsə, onların hamısını icra edəcəyik.

Bu, doğrudan da, böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq – bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız, doğrudan da, uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı...”.