Yanvarın 12-də Bakı Kitab Mərkəzində Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin (1872-1937) 150 illiyinə həsr olunan “Bir adam lazımdır” adlı ədəbi-bədii gecə keçirilib.

Əvvəlcə ədibin nəvəsi Fuad Pepinov və nəticəsi Ülviyyə Pepinova böyük şəxsiyyət Ömər Faiq Nemanzadənin həyət və yaradıcılığından, şəxsi keyfiyyətlərindən, ictimai fəaliyyətindən danışaraq, ona verilən dəyərə görə ailə üzvləri adından tədbir təşkilatçılarına, həmçinin iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Ömər Faiq Nemanzadənin öz yaradıcılıq missiyasını əsl vətənpərvər məsuliyyəti ilə yerinə yetirdiyini vurğulayan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, ədib Azərbaycan xalqının dəyərlərini öz yaradıcılığında təbliğ edib: “O, bütün müsəlman Şərqində məşhur olan “Molla Nəsrəddin” satirik jurnalının həmtəsisçisi olmaqla milli jurnalistikanın formalaşmasında və inkişafında mühüm xidmətlər göstərib. Ö.F.Nemanzadə Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biridir, eləcə də Azərbaycanda milli mətbuatın və ictimai fikrin inkişafında böyük xidmətləri olan mütəfəkkirdir. Onun publisistikası Molla Nəsrəddində olduğu kimi satirik olmasa da, XX əsrin əvvəlləri Azərbaycan publisistikasının qiymətli səhifələrindən biridir. Ö.F.Nemanzadənin publisistikasında dövrün ən mühüm məsələləri həm publisist baxımdan bir vətəndaş kimi, həm də elmi baxımdan bir ziyalı kimi qoyularaq həll olunub".

ADA Universitetinin rektoru Hafiz Paşayev görkəmli maarifçinin ictimai-siyasi fəaliyyəti, ədəbiyyatşünaslıqda yeri barədə danışaraq vurğulayıb ki, Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin dostluğu “Şərqi-rus” qəzetindən başlayıb və jurnalla mollanəsrəddinçilərin əlaqələndirilməsində Ö.F.Nemanzadə böyük körpü rolunu oynayıb: “Onun satirik əsərləri çox azdır, tənqidi məqalələri var. Mirzə Cəlillə çiyin-çiyinə çalışıb və sona qədər onun ideallarına sadiq qalıb. Mirzə Cəlilin ən yaxın silahdaşı olub. Həmin dövrlər “Molla Nəsrəddin” məktəbi də vardı, amma elmi publisistika yeni formalaşırdı. O, Azərbaycanda elmi-analitik publisistikanı yaradanlardan biridir. Ö.F.Nemanzadənin əsərləri bir neçə dəfə çap olunub”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlı ədibin ictimai-siyasi baxışları, maarifləndirici və publisistik fəaliyyətini diqqətə çatdırıblar. Bildirilib ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazıb: "O, son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır".

Tədbirdə xalçaçı rəssam Afaq Kərimovanın batika üslubunda yaratdığı ədibin portretinin təqdimatı olub. Eyni zamanda bədii-qiraət nümunələri səsləndirilib və istedadlı musiqiçilərin ifasında Azərbaycan klassik bəstəkarlarının əsərlərindən musiqilər ifa olunub.