“İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında vəzifələrin Siyahısı” təsdiq edilib.

Baş nazir Əli Əsədov yanvarın 12-də bununla bağlı Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Qərara əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.

Siyahıda rəhbər vəzifələr (o cümlədən təyinatı Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan vəzifələr, seçkisi və təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr) və müvafiq sahələr üzrə mütəxəssis vəzifələri nəzərdə tutulub.

Siyahıya mədəniyyət sahəsi üzrə müəssisələrin rəhbərləri (uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin direktorları, muzey direktorları, Heydər Əliyev mərkəzlərinin və mədəniyyət mərkəzlərinin direktorları, respublika əhəmiyyətli və mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları, dövlət rəsm qalereyalarının direktorları, dövlət qoruqlarının direktorları, teatr və konsert müəssisələrinin direktorları, kinostudiya və kinoteatrların direktorları, nəşriyyatların direktorları) də daxildir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.12-ci maddəsinin üçüncü hissəsinin və 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsinin tələbləri bu Siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il stajı olan şəxslərə şamil edilir.