Xəbər verdiyimiz kimi, 11-12 yanvar tarixlərində Ankarada Türkiyə Ombudsmanlıq Qurumunun təşkilatçılığı ilə “XXI əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda iştirak edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mətbuata verdiyi açıqlamada deyib ki, dünyada insan hüquqları ilə bağlı da ikili standartlar mövcuddur. O, insan hüquqları təşkilatlarının nümayəndələri ilə hər görüşündə Ermənistanın işğalı nəticəsində insanlarımızın uzun illərdən bəri pozulmuş hüquqları ilə bağlı məlumat verdiyini, müvafiq faktlar, dəlillər təqdim etdiyini diqqətə çatdırıb. S.Əliyeva Ankarada təşkil olunan konfransda da həmkarları ilə bu barədə söhbət apardığını bildirib.

Bir aydır ölkəmizin ekofəallarının Laçın-Xankəndi yolunda davam edən dinc etiraz aksiyasına toxunan Ombudsman deyib ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərində yaşayan etnik ermənilər tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni istismarı bütün region üçün təhlükədir: “Hesab edirəm ki, dinc aksiyaçılarımıza dünyada fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları, ekoloqlar və digər müvafiq qurumlar da dəstək verməlidir”.

Mehparə Sultanova
Ankara