Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sosial layihələrdə də fəal iştirak edir. Məqsəd gənc nəslin bədii zövqünün formalaşması ilə yanaşı, müəyyən irsi xəstəliklərin daşıyıcısı olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Teatrın yaradıcı heyəti bu məqsədlə paytaxtdakı Talassemiya Mərkəzində (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) olub.

Tədbir Azərbaycan Tibb Universiteti tələbə həmkarlar ittifaqı və Milli Hematologiya və Transfuziologiya Mərkəzi həmkarlar ittifaqı komitələrinin təşəbbüsü ilə gerçəkləşib.

Mərkəzdə müalicə alan uşaqlar üçün teatrın repertuarındakı maraqlı səhnə əsərlərindən biri – “Bremen musiqiçiləri” (Y.Entin, V.Livanov) tamaşası nümayiş etdirilib.

Nümayişdən öncə Şaxta baba aktyorlarla birlikdə tamaşanı izləmək imkanı olmayan körpələrin otaqlarını ziyarət edib.

Tamaşada Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Nurlan Süleymanlı, Araz Pirimov, Müşfiq Əliyev, Tahir İsmayılov, Hilal Dəmirov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov çıxış ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəsmlərin quruluşçusu Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradovadır.