Xarici media nümayəndələri aksiya yerində olublar...


Azərbaycanlı ekofəalların və könüllülərin Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində bir aydan artıq davam edən aksiyasına son günlər beynəlxalq diqqət daha da artıb.

2022-ci il dekabrın 12-də başlayan aksiyanın əsas tələbi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına son qoyulması və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasıdır.

Yanvarın 13-də aksiya yerinə xarici media nümayəndələri gəliblər.

İtaliya, İspaniya, Türkiyə, Rusiya, Macarıstan və Böyük Britaniyadan olan media nümayəndələri buradakı vəziyyətlə tanış olub, aksiya iştirakçıları ilə söhbət ediblər.

“İkinci Qarabağ müharibəsi sona çatsa da, burada bəzi problemlər hələ də qalmaqdadır. Hazırda olduğumuz, Ermənistanla Qarabağı birləşdirən Laçın-Xankəndi yolunda azərbaycanlı gənclər, ekofəallar dünyaya ekoloji terrorun dayandırılması ilə bağlı mesajlar verirlər”, – deyə "CNN Türk" telekanalının müxbiri Ahmed Türkeş söyləyib.

O qeyd edib ki, Qarabağda ekoloji fəlakət baş verir. Buna görə də talanan mədənlərə baxış keçirilməli, araşdırmalar aparılmalıdır. O iki mədəndə nələr baş verir? Burada ekofəalların istəyi odur ki, suallarına cavab tapsınlar, tədqiqatçılar gedib mədənləri araşdırsınlar. “Ermənistan deyir ki, bura blokadadadır. Bu iddia doğru deyil. Ərazidə olduğumuz müddətdə nəqliyyat vasitələrinin yoldan maneəsiz keçidlərinin şahidi oluruq”, – deyə "CNN Türk"ün əməkdaşı bildirib.

“Bu, etiraz aksiyasının keçirilməsi normal haldır. Bu etirazlar münaqişələr olan yerlərdə bəzi siyasətçilərin və oliqarxların qarışıqlıqdan istifadə edərək korrupsiya və oğurluq vasitəsilə qeyri-qanuni vəsait mənimsəmələrinin qarşısını almağa kömək edəcək. Belə münaqişələr təkcə sizin ölkədə deyil, dünyanın digər yerlərində də mövcuddur” – bunu isə britaniyalı tədqiqatçı Taras Kuzio söyləyib.

O bildirib ki, Ermənistan üçün proseslərdən çıxış yolu 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əməl etmək, buna uyğun olaraq sülh müqaviləsini imzalamağa razılaşmaqdır. Əgər bunu etsə, regionda münasibətləri normallaşdıra bilər. Ermənistan anlamalıdır ki, sülh müqaviləsinin imzalanması hər iki ölkənin ekoloji sisteminə də müsbət təsir edəcək. Bu, eyni zamanda, Azərbaycan və Ermənistan üçün faydalı olacaq.