Gürcüstanın Xalq artisti, tanınmış gürcü kinoaktyoru, estrada müğənnisi, ssenarist, kinorejissor, bəstəkar Vaxtanq Kikabidze 2023-cü il yanvarın 15-də, 84 yaşında dünyasını dəyişib. Görkəmli sənətkarın vəfatı onun hər zaman dost münasibəti bəslədiyi Azərbaycanda da təəssüf və kədər hissi ilə qarşılanıb.

Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olan Vaxtanq Kikabidze Azərbaycanda da dəfələrlə konsert proqramlarında, yaradıcılıq gecələrində çıxış edib. 2010-cu ildə Heydər Əliyev Sarayında müğənninin böyük konserti keçirilib. Sənətkar 2014-cü ildə iki dəfə Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib. Onun Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzları ilə birlikdə oynadığı “Vera məhəlləsinin musiqiləri” müzikli, eləcə də solo konserti böyük rəğbətlə qarşılanıb. O, həmçinin 2018-ci ildə Qəbələdə Beynəlxalq “Veselo” Festivalında konsert proqramı ilə çıxış edib. Vaxtanq Kikabidze Azərbaycan tamaşaçıları qarşısında sonuncu dəfə 2022-ci ilin avqustunda “Yaşıl Teatr”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli müğənni Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxış etmişdi.

Sənətkar Azərbaycana hər gəlişindən böyük məmnunluq duyduğunu ifadə edirdi. “Mən həmişə çıxışlarımda demişəm ki, iki şəhərdə məmnuniyyətlə yaşayaram – onlardan biri Tbilisi, digəri Bakıdır. Mən bu şəhəri sevirəm və özümü burada çox yaxşı hiss edirəm. Burada mənim çoxlu dostlarım var”, – deyə o bildirmişdi.

Kikabidze Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı rayonlarda da konsert proqramları ilə çıxış edir, Azərbaycanla bağlı tədbirlərə qatılırdı. 2022-ci ildə Tbilisi Dövlət İncəsənət Akademiyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbirdə Vaxtanq Kikabidzeyə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvi – 880" xatirə medalı təqdim olunmuşdu.

Ecazkar səsi, zamanın fövqündə duran mahnıları ilə milyonların qəlbini fəth etmiş sənətkarın vəfatı bütövlükdə incəsənət dünyası üçün itkidir.

Azərbaycan Mədəniyyət Nazirliyi Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar ölkəmizin mədəniyyət və incəsənət ictimaiyyəti adından dost Gürcüstanın mədəniyyət və incəsənət ictimaiyyətinə, görkəmli sənətkarın doğmalarına dərin hüznlə başsağlığı verir.