Uzun illərdir ki, hər il yanvar ayında Türkiyədə “Türkmən şəhidlərini anma” proqramları düzənlənir. Yanvarın 15-də Ankarada Keçiörən Bələdiyyəsinin təşkilatçılığı ilə bu münasibətlə anım tədbiri keçirilib.

Toplantıda çıxış edən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev İraq türkmənlərinin böyük Türk dünyasının ayrılmaz bir hissəsi olduğunu bildirib: “Türkmən Şəhidlərini Anma Günündə Təlafərdən Mendeliyə qədər uzanan bir coğrafiyada müxtəlif zamanlarda və yerlərdə həyatını itirən şəhidlərimizi rəhmətlə yad edirəm”.

Türk dünyasının tarixində şanlı səhifələr olduğu kimi, faciəli günlərin də olduğunu vurğulayan baş katib deyib ki, bu gün Türk dünyasının bütövləşməsi üçün canlarını fəda edənlər hər zaman ehtirama layiqdir: “Tarixin hər dönəmində ulularımız vətəni, dövləti müqəddəs bilib, xalqın azadlığı üçün mübarizədə canlarını fəda ediblər. Bu gün Türk dünyası olaraq bir bütövüksə, bunu onlara borcluyuq”.

Qeyd edək ki, 1980-ci il yanvarın 16-da İraqda Prezident Səddam Hüseyn rejimi yerli türkmənlərin həmin dövrdə yeganə təşkilatı olan Türkmən Qardaşlıq Ocağının rəhbəri Abdulla Əbdürrəhman və onun milli mübarizə dostları Necdet Qoçaq, Rza Dəmirçi və Adil Şərifi paytaxt Bağdadda edam edib.

Mehparə Sultanova
Ankara