Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda əsərlərindən ibarət kitab çapdan çıxıb. “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayələri yer alıb.

İstanbulda Türk Ədəbiyyatı Vəqfində kitabın təqdimatı olub. Bu barədə məlumat verən DGTYB-nin rəhbəri İntiqam Yaşar bildirib ki, tədbirdə Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, media nümayəndələri və oxucular iştirak ediblər.

Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, şair Serhat Kabaklı tədbiri açaraq Şuşa şəhərinin Azərbaycan üçün mənəvi dəyərindən, Vətən müharibəsində Qələbədən, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının önəmindən bəhs edib.

Layihənin rəhbəri İntiqam Yaşar Türk dünyası gənc yazarlarının Şuşaya ünvanlanmış mətnlərindən ibarət kitabın önəmini vurğulayıb, bu istiqamətdə nəşrlərin yaranacağına ümid etdiyini söyləyib. Digər çıxışlarda da layihənin əhəmiyyəti qeyd edilib.

Sonda Şuşa şəhərində çəkilmiş fotoşəkillərdən ibarət sərgi nümayiş olunub və layihədə fəal iştirak edənlər mükafatlandırılıb.