Ədəbiyyatşünas, folklorşünas, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Qəniyev 16 yanvar 2023-cü il tarixində vəfat edib.

Seyfəddin Həmzə oğlu Qəniyev (Seyfəddin Qəni) 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olub. Poladlı kənd səkkizillik və Nərimankənd kənd orta məktəbində oxuyub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsində təhsil alıb. Sonra həmin institutun aspiranturasında təhsilini davam etdirib.

S.Qəniyev Şamaxı rayonunun Göylər kənd məktəbində müəllim işləyib. Burada çalışdığı müddətdə “metodist müəllim”, “SSRİ maarif əlaçısı” adlarına layiq görülüb. Azərbaycan müəllimlərinin IV qurultayının nümayəndəsi olub.

“M.F.Axundovun “Kəmalüddövlə məktubları” əsərinin bədii-metod və janr xüsusiyyətləri” mövzusunda namizədlik (fəlsəfə doktoru), “Azərbaycan folklorunun regional özünəməxsusluğu – Şirvan folklor mühiti” mövzusunda isə doktorluq dissertasiyaları müdafiə edib.

S.Qəniyev Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında direktor müavini, kafedra müdiri, AMEA Folklor İnstitutunda aparıcı elmi işçi vəzifələrində çalışıb. O, eyni zamanda Folklor İnstitutunda Müdafiə şuranın üzvü kimi fəaliyyət göstərib.

Alim Şirvan aşıq mühitinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığının öyrənilməsinə mühüm töhfələr verib, 40-dan çox kitab (monoqrafiya, toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifi olub. “Şirvan folklor mühiti”, “Aşıq Mirzə Bilal”, “Aşıq Məmmədağa – yaradıcılıq xüsusiyyətləri”, “Şirvan aşıqları”, “Beytüs-Səfa” davamçıları”, “Şirvanlı Aşıq Şakir”, “Şirvannamə – övliyalar, ziyarətgahlar”, “Şirvannamə – mən aşıq, balabanı” və s. kitab və monoqrafiyaları çap olunub.

2009-cu ildə “Tərəqqi” medalına layiq görülən S.Qəniyev Azərbaycan Yazıçılar və Aşıqlar birliklərinin üzvü, AYB Şamaxı bölməsinin rəhbəri idi.
Allah rəhmət eləsin.