Layihə çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşalar nümayiş olunacaq
2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. Mərkəzdə “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində silsilə tamaşaların nümayişi nəzərdə tutulur.
Fevralın 24-də layihə çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunacaq. Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək. Musiqi Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.
Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası Heydər Əliyevin ən çox sevdiyi səhnə əsərlərindəndir. Ulu öndər müsahibələrinin birində deyib: “Yuxarı siniflərdə oxuyarkən mən teatra böyük maraq göstərir, tez-tez yerli dram teatrının tamaşalarına gedib baxırdım... Beləliklə, teatrımız Mirzə Cəlilin “Ölülər” pyesini tamaşaya qoydu və mən də böyük məmnuniyyətlə bu tamaşaya bir neçə dəfə baxdım. “Ölülər” pyesi dərin fəlsəfi əsərdir. Öz fəlsəfi siqlətinə görə, o, Azərbaycan ədəbiyyatının dramatik əsərləri arasında ilk cərgədə durur. Eyni zamanda onu digər əsərlərdən fərqləndirən cəhət dərin milli ruhu, xəlqiliyidir... Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, “Ölülər” kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir...”.
Heydər Əliyev gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə də çıxış edən Heydər Əliyev teatrı çox sevirdi və Azərbaycan milli teatrını xalqımızın milli sərvəti adlandırırdı. Ümummilli lider müntəzəm olaraq teatr tamaşalarına baxır, yaradıcı heyətlə görüşür, tövsiyələrini verirdi.