1990-cı ilin 20 yanvarında əliqanlı sovet ordusunun Bakıda dinc əhaliyə qarşı həyata keçirdiyi qırğının 33-cü ildönümü tamam olur. Bu münasibətlə ölkəmizdə anim tədbirləri təşkil olunur, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad edilir.

Yanvarın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Saat 19:00-da başlayacaq konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) çıxış edəcək.

Anım konsertində solistlər Səbinə Əsədova (mezzo-soprano), Anton Ferştandt (bas-bariton), Əliəhməd İbrahimov (tenor) və Nigar Tağıyeva (soprano) V.A.Motsartın “Rekviyem d-moll K.626” əsərini ifa edəcəklər.