Son illər paytaxtımızda və bölgələrdə kitab sərgilərinin keçirilməsi geniş vüsət alıb. Bu da kitabın, mütaliənin təşviqinə töhfə olmaqla yanaşı, nəşriyyatların fəaliyyətinin stimullaşdırılmasına, onların təbliğatına yeni zəmin yaradır.

Bu günlərdə irihəcmli kitab sərgi-festivallarının sırasına daha biri əlavə olundu. 11-15 yanvar tarixlərində paytaxtımızdakı “Pasaj-1901” sərgi salonunda I Turan Kitab Festivalı keçirildi. Festival “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, DOST Agentliyi və Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilati, “Facemark.az” saytının informasiya dəstəyi ilə ilə gerçəkləşdi.

Yeni ilin ilk kitab bayramı ilə tanış olmaq üçün fotoqrafımızla birlikdə festivalın keçirildiyi ünvana yollandıq. Məkana daxil olarkən bizi festivalın təşkilatçısı, “Çapar yayınları”nın təsisçisi Yusif İlhamoğlu qarşıladı. Ondan festival haqqında ətraflı məlumat aldıq. Müsahibim festivalın adının təsadüfən seçilmədiyini dedi: “Festivalın keçirilməsində əsas məqsəd türk dövlətlərinin mədəniyyətini, ədəbiyyatını, tarixini ölkəmizdə təbliğ etməkdir. Oxucular tərəfindən maraq olacağı təqdirdə festival hər il keçirilə bilər. Festivalda ölkənin 40-a yaxın nəşriyyatı və 20-dək kitab mağazası iştirak edir. Kitab bayramında nəşrlərə 50 faizədək endirim tətbiq olunur. Festival günlərində kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr, müəlliflərlə görüşlər keçirilir”.

İlin ilk kitab şöləninə yetərincə maraq var. Oxucular böyük həvəslə sevimli yazıçılarının kitablarını alırlar. Sərgi məkanında müəlliflərlə görüşlər və uşaqlar üçün əl işləri üzrə ustad dərsləri festivala xüsusi rəng qatır. Əl işləri üzrə təlimçi Sevinc Əliyeva deyir ki, uşaqlarla gipsdən müxtəlif fiqurlar, dekorativ heykəllər, qələm qabları, sabunlar, şamlar və s. hazırlayırıq. Günün sonunda uşaqlar əl işlərini özləri ilə aparırlar.

Bildirək ki, beş gün davam edən festivalda Türkiyədən də nümayəndələr qonaq olublar. İstanbul Universitetinin professoru İlyas Topsakal, Qaziantep Universitetinin dosenti Sadiq Çətin, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazqan, türkiyəli siyasətçi Sinan Oğan, rejissor Tahir Tahiroviç və başqaları çıxış edib, sərgini yüksək qiymətləndiriblər.

Festival çərçivəsində həmçinin türkiyəli yazıçı Çinar Ata, həmçinin professor Ədalət Tahirzadə, tarixçilər Əkbər Nəcəf, Rizvan Hüseynov, yazarlar Aqşin Yenisey, Xəttat Kilimçi (Mirbağır Bünyatov) və “Çapar yayınları”nın baş redaktoru Dilqəm Əhmədin yeni kitablarının təqdimatı da keçirilib.

Nurəddin