Həmzə Abdullayevin tablolarında xalqımızın başına gətirilən müsibətlərə məxsusi baxış var
Tanınmış fırça ustası, Əməkdar rəssam Həmzə Abdullayev həm vizual, həm də konseptual baxımdan innovativ xarakterə bürünən yaradıcılıq fəaliyyəti ilə seçilir. Təxəyyül ilə yaxından səsləşən, onunla paralel harmoniya yaradan bütün mövzular kətan üzərində bir neçə rakursdan baxılmış şəkildə gerçəkləşdirilərək öz estetik dəyərini vurğulaya bilir. Həm milliliyə, həm ənənəviliyə, həm də zəmanəyə əsaslanan bu bədii təcrübə, ilk növbədə, rəngkara, öz dəst-xəttinin mahiyyətini dərk etməkdə yardımcı olan əsas məsələlərdəndir.
Rəssamın təsvirlərindəki “inqilabi” metodlar daim hərəkətdə olanı, dinamikanı, zamanın təsirinə məruz qalanı və ən önəmlisi öz xatirələri ilə birgə duyğularından qaynaqlanan fərdi dünyanı məxsusi şəkildə önə çıxardır. Bəzən boya ilə kobud, bəzən də yetərincə zərif rəftar edən rəssamın dolğun palitrası onun hər zaman həm real, həm də fəlsəfi baxışının mürəkkəbliyini özündə ehtiva edir, xaotik kompozisiyalarının daşıyıcısı funksiyasını yerinə yetirir. Bütün bunlar göstərir ki, Həmzə Abdullayev bizdən, sadəcə, düz, yaxud ardıcıl baxış bucaqları ilə tablosuna nəzər yetirməyimizi istəmir. O hər bir elementi elə yerləşdirir ki, baxışlarımız səhnənin üzərində fırlanıb onu mənimsəyə bilir. Müəllifin insan fiqurları çox maraqlıdır. Onun insan obrazları sehrini və qəribəliyini qoruyaraq həm miniatür sənətimizə, həm də XXI əsrin modernist sənət cərəyanlarının tələblərinə cavab verir. Rəssamın qalın fırça vuruşları, çoxqatlı və fakturalı boya təbəqələri, qeyri-müəyyən formaları bəsit kateqoriyalara sığmayan müasir və avanqard səciyyəyə malikdir. Bu əsərlərdə rəng və forma bir-birindən ayrılmayan, ümumi harmoniyanın bədii gücünü artıran və dəqiqləşdirən, kompozisiyanı zəngin və dolğun göstərən, təzad tonlardan qidalanan əsas ünsürlərdir.
Həmzə Abdullayevi mücərrəd rəssam adlandıra bilərikmi? Fikrimcə, xeyr. Çünki onun ifadə etmək istədiyi ideya və düşüncələri fantastik aləmə deyil, birbaşa reallığın özünə əsaslanır. Kompozisiya qurma məharətini tünd kolorit seçimləri ilə inteqrasiya edən rəssamın təsvirlərində nəzərəçarpan başqa bir xüsusiyyət işıqdır. İşıq və rəngin vizual reallığa aşıladığı dəqiqlik və obyektiv baxış kompozisiyaları tamamlayan amillər arasında öz yerini taparaq sənətkarın bədii ifadə dilinin ən güclü “silahına” çevrilir. Emosional ekspressiv duyğunu özündə daşıyan sənət nümunələrinin təlqin enerjisi rəssamın düşüncə müstəvisindən ərsəyə gələrək yaradıcılıq qabiliyyətilə sintezə uğrayır.
Onun əsərlərinə, obraz və motivlərinə hopmuş doğma Abşeron bir başqa gözəlliyə və mistikaya malikdir. “Keçib getmiş Abşeron” silsiləsi, “Abşeron”, “Qumluqda ev”, “Sahil”, “Dənizə gedən yol”, “Balıqçının evi” və s. əsərləri Abşeronun ruhunu və ahəngini daşıyaraq onu özünəməxsus tərzdə təmsil edirlər. Bu əsərlərdə ən vacib məqam milli ruhlu çalar üzərində köklənən rəssamın uşaqlıq illərini də bu təsvirlər içərisində gizlətməsidir.
Rəssamın Abşeron mövzulu əsərlərində Abşeron sənət məktəbinin görkəmli nümayəndələrinin rolu var. Onlardan biri elə Buzovnada tanış olduğu Mircavad Cavadovdur. Düşünsək ki, sənətkarın yolgöstərəni mahir fırça ustası Mircavad Cavadov olub, onun üslubunun fərqli cizgilərinin və cəsarətli ovqatının təsadüfi olmadığını anlayarıq. Həmzə Abdullayevin obrazlarına nəzər yetirsək, o, doğma torpağın sakinlərini həm bir qədər adiləşdirərək təsvir edir, həm də onlara individuallıq aşılayır. Onun obrazları milli ruhlu, müasir görkəmli olmaqla yanaşı, həm də aktualdırlar. Rəssamın yaratdığı obrazlar bir baxımdan hamımız üçün tanışdır. “Tora düşmüş adamlar”, “Vaxt və adamlar”, “Qız portreti”, “Romans axşamı”, “Dəniz sahilində qız”, “Güzgü qarşısında”, “Qadın qavalla”, “Orkestr”, “Fənərçi”, “Karvanbaşı”, “Sırğalı qız”, “Qara atlı ovçu”, “Qırmızı dəvə” və s. əsərlər bu qəbildəndir. Sənətkarın təsəvvürü nəticəsində əyaniləşən, geniş ümumiləşdirmələrlə həll olunan obrazlarda bədii estetika hiss olunmaqdadır. Rəssamın təxəyyülünün istiqaməti obrazlarının ruhu və emosional kimliyində kontrast yaradaraq onları daha da dərinləşdirir. Onun obrazlarının bədii estetikası sıxıcı, soyuq rənglərlə bütünləşmir. Sənətkarın bədii ifadə tərzinin mistik aurası işıq seli ilə taclandırılır. Müəllif bədii axtarışları sırasına obrazları vasitəsilə insanların həyatda “var olmaq” qayəsini müəyyənləşdirməyi əlavə etməyi də unutmur.
Rəssamın yaradıcılığında qadın obrazlarına da geniş yer verilib. Bu qadınlar olduqca maraqlı, səriştəli və zərif bir biçimdə təsvir olunurlar. Onu da qeyd etmək istəyirəm ki, Həmzə Abdullayevin obrazlarında “qacar üslubu”nun da izlərini görmək mümkündür. Sənətkarın baxış bucağında var olan qadın obrazları bəzən əsas, bəzən də ikinci dərəcəli rol oynayırlar. Rəssamın qadın obrazlarının təməlində həm millilik, həm də müasirlik dayanır. Onun qadınları bəzən utancaq, bəzən şıltaq, bəzən müdrik, bəzən kədərli, bəzən isə nigarandırlar.
Həmzə Abdullayevin hiss və həyəcanını azad şəkildə ifadə etdiyi digər mühüm mövzulardan biri də xalqımızın başına gətirilən müsibətlərdir. Qəzəb və emosional şaşqınlıq hisslərinin yüksək dərəcədə ustalıqla ifadə olunduğu “Yandırılmış vətən” və “Xocalı 1992 – güllələnmiş insanlar” tablolarını buna misal çəkə bilərik. Hər iki əsər ilk baxışdan bizə qaranlıq palitrası ilə iztirab, ağrı və kədər hissləri aşılayır. Xalqın hafizəsində yaralı bir yuva qurmuş bu dəhşətli, əzabverici ah-vay sanki kətanın üzərində əfğan edir. Hər iki əsərin süjetində bir hiss dayanır: qəlb ağrısı. Bədii ifadədə faciə təsviri yaratmaq çox çətindir. Faciənin bütün ağrılarını ələ alıb kompozisiyaya uyğunlaşdırmaq müəllifdən məntiqi və emosional düşüncə tələb edir. Kətanın imkanlarına sığan və sığa bilməyən bütün duyğuları özündə cəmləyən bu səhnələr misli görünməmiş ədalətsizliyin və tiranlığın ən ağır həqiqətlərini dünyaya elan edir. 20 Yanvar faciəsinə həsr olunmuş “Çərxi-fələk” tablosu da rəssamın tarixi mövzuya mistik baxışını əks etdirir.
Həmzə Abdullayevin yaradıcılığında rast gəldiyimiz nağılvarı səciyyəyə malik bir neçə simvolun da adını çəkə bilərik. Onlardan biri məhsuldarlıq, bolluq və cənnətin rəmzi hesab edilən, “şah meyvə” kimi tanınan nardır. Rəssamın “Nar nağılı” əsəri bu mənada diqqətəlayiq nümunədir. Ağacın üzərində təsvir olunan, səhnəyə hökm edən nəhəng bir nar fiquru sanki günəş kimi bərq vurur. Bu mənada müəllifin “Axırıncı məhəbbət” əsəri də maraq doğurur.
Rəssamın yaradıcılığında diqqətçəkən bir başqa fiqur-simvol çıraqdır. Qaranlığa meydan oxuyan müəllifin yanan çırağı onun ümid açarı, işıq aramaq cəhdidir.
Həmzə Abdullayevin “Şərqdə liman”, “Ümid gəmisi”, “Axırıncı səyahət” kimi sənət nümunələri də izləyicidə fərqli duyğular oyadır. Qayıq və yaxud gəmi fiqurları adətən qurtuluşun və əmin-amanlığın simvolu kimi qəbul olunur.
Rəssam yaradıcılığında portret janrına da müəyyən qədər yer verib. Mavi fonda, mavi libasda təsvir olunan, bəyaz oturacaqda əyləşən zərif qadın fiquru (“Hər şey yaxşı olacaq”) buna misal ola bilər. “Seskiya” adlı tablo da rəssamın maraqlı əsərlərindəndir. Mistik və nağılvarı ab-hava yaradan bu kompozisiya zərif kolorit həlli ilə seçilir. Dahi şəxsiyyətlərin də obrazını yaradan rəssamın “Şair Şəhriyar” tablosu çox maraqlıdır. Böyük söz ustadlarımızdan olan Məhəmmədhüseyn Şəhriyar rəsmdə dizləri üzərində əyləşib, gərgin bir şəkildə yazı yazarkən təsvir olunub. Gecəyarısı, qarşısında çıraq və çay dəsgahı təsvir olunan şair ciddi görkəmdədir.
Sonda Həmzə Abdullayevin avtoportretindən bəhs etmək istəyirəm. Özünün yetkin yaşını təsvir edən rəssam həm arxa fona, həm də kompozisiyanın ön hissələrinə bulaşan rəng yaxıları, müxtəlif rənglərə bulanmış irəliyə yönəlib. Müəllif bununla hər zaman yaratmağa can atdığını vurğulamaq istəyir. Gərgin və qəzəbli baxışlarının haraya tuşlandığı bəlli deyil. Burada bir başqa maraqlı nüans rəssamın fırçalarla dolu olan əlinə zəncir vurulmasıdır. Lakin bu zəncir eləcə rəssamın molbertinə bağlanıb. Bəlkə də rəssam burada ruhunun, qəlbinin, düşüncələrinin sənət tərəfindən ələ keçirildiyini ifadə etmək istəyir...
Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi