Yanvarın 18-də Hüseyn Cavidin Ev-Muzeyində Ümumxalq Hüzn Günü münasibətilə “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı anım tədbiri keçirilib.

Paytaxtın 245 nömrəli tam orta məktəbinin şagirdləri və muzeyin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra o məşum gecənin şahidləri baş verən hadisələrdən söhbət açıblar.

Qeyd olunub ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqilliyi və suverenliyi  uğrunda mübarizənin parlaq səhifəsidir. 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutub. Həmin gecə Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Xalqımıza qarşı törədilən bu hərbi cinayətlər azadlıq əzmimizi azalmayıb, əksinə, bir il sonra Azərbaycan öz müstəqilliyini bərpa edib.  

Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı sərgiyə baxıb və videoçarx izləyiblər.