Dünyanın sənət, ədəbiyyat, idman məşhurları öləndən sonra da adlarının bu və digər reklam məhsullarında yer alması, eləcə də əsərlərinin nəşri, audiovizual materiallarda istifadəsi, ifalarının səslənməsi və bu kimi başqa gəlir mənbələri ilə hər il milyonlar “qazanır”, daha doğrusu, qazandırırlar. Yəni birbaşa varislərinə, yaxud onların ad və irsinə varislik edən qurumlara. Özü də illər öncə dünyadan köçənlərin gəlirləri hələ meydanda olan bir çox ulduzların qazancını üstələyir.

Var-dövlət sahiblərinin pulunu saymaqda ixtisaslaşmış “Forbes” jurnalı artıq dünyada olmayan 13 məşhurun 2022-ci ildəki qazanclarının reytinqini tərtib edib. Onların əksəriyyəti musiqi dünyasının keçmiş ulduzlarıdır.

Hərçənd siyahıda birinci yeri ingilis yazıçısı, ekranlaşdırıldıqdan sonra xüsusilə məşhurlaşan “Üzüklərin hökmdarı” əsərinin müəllifi Con Tolkin (John Ronald Reuel Tolkien; 1892-1973) tutur. 50 il əvvəl vəfat edən müəllifin ötən il gəliri 500 milyon dollar olub.

İkinci sırada məşhur amerikalı basketbolçu Kobi Brayant (Kobe Bean Bryant; 1978-2020) yer alıb. Üç il əvvəl vertolyot qəzasında ölən NBA-nın ulduzunun 2022-ci ildə qazancı 400 milyon dollar təşkil edib.

Sonrakı dörd yeri amerikalı musiqiçilər tutublar: rok-musiqiçi, müğənni və bəstəkar Devid Boui (David Bowie; 1947-2016) – 250 milyon dollar; dünya şöhrətli müğənni Elvis Presli (Elvis Aaron Presley; 1935-1977) – 110 milyon dollar; pop-müğənni Ceyms Braun (James Joseph Brown; 1933-2006) – 100 milyon və sağlığında “pop-musiqinin kralı” adını qazanmış Maykl Cekson (Michael Joseph Jackson; 1958-2009) – 75 milyon dollar.

Reytinqdə yeddinci yerdə 55 milyon dollar qazancla kanadalı müğənni və şair Leonard Kohen (Leonard Norman Cohen; 1934-2016), səkkizinci sırada 32 milyon dollarla amerikalı uşaq yazarı və multiplikator Teodor Syuz (Dr. Seuss; 1904-1991) yer alıb.

Sonrakı üç yerdə amerikalı barabançı Ceff Porkaro (Jeffrey Thomas Porcaro; 1954-1992) – 25 milyon; amerikalı karikaturaçı və komikslər müəllifi Çarlz Monro Şults (Charles Monroe Schulz; 1922-2000) – 24 milyon və meksikalı müğənni Xuan Qabriel (Juan Gabriel; 1950-2016) – 23 milyon, nəhayət, son iki yerdə isə məşhur “Bitlz” (The Beatles) qrupun üzvləri var: Con Lennon (John Winston Lennon; 1940-1980) – 16 milyon və Corc Harrison (George Harrison; 1943-2001) – 12 milyon dollar.

O dünyadakı bu 13 məşhurun ümumilikdə gəliri ötən il 1,6 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 72 faiz çoxdur.

V.Kamal