Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirildi

 

Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq şairi Zəlimxan Yaqubun (1950-2016) xatirə gecəsi keçirildi.

BMM-in dəstəyi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə Zəlimxan Yaqubun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.

“Dədə Ələsgər Ocağı” İB-nin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli qeyd etdi ki, müasir Azərbaycan poeziyasının inkişafında xidmətləri olan yaradıcı insanların xatirəsinin yad edilməsi, yaradıcılıqlarının təbliğ olunması təşkilatın əsas məqsədlərindəndir.

Gecədə Əməkdar artist, bədii qiraətçi Ağalar Bayramov, tənqidçi Əsəd Cahangir, tibb üzrə fəlsəfə doktoru, yazıçı-publisist Nağdəli Zamanov, Aşıqlar Birliyinin üzvü, şair Səadət Buta, Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı, Mirvarid Dilbazi Poeziya Məclisinin rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı, qiraətçi, şair Zöhrə Xəlili Zəlimxan Yaqub yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən söz açdılar, xatirələrini dilə gətirdilər. Şairin bir sıra şeirləri səsləndirildi.

Sonda Z.Yaqubun bacısı Lalə Yaqubova tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.

Xatirə gecəsində xanəndə və aşıqlar Nuriyyə Hüseynova, Zülfiyyə İbadova, Telli Borçalı, Bəhmən Göyçəli, Nemət Qasımlı, Vaqif Şıxəliyev, Təbriz Vəliyev, Nəbi Nağıyev, Avdı Musayev, Ramin Qarayev Xalq şairinin sözlərinə yazılmış mahnıları və saz havalarını ifa etdilər.

Lalə Azəri