Azərbaycan xalqının suverenlik və müstəqillik yolunda mübarizəsində tarixi başlanğıc və Vətən övladlarının bu yolda ilk şəhidlik zirvəsi olan 20 Yanvarın 33-cü ildönümü ölkənin mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd olunur.
Yanvarın 18-də Azərbaycan Milli Kitabxanasında 20 Yanvarın ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində 33 il öncə, 1990-cı ilin 20 yanvarında keçmiş SSRİ rəhbərliyinin əmri ilə Bakı şəhərinə yeridilən qoşun hissələrinin Azərbaycan xalqına qarşı törətdiyi qırğından bəhs edilib. Bildirilib ki, o gecə Azərbaycanın qəhrəman övladları vətənin suverenliyi uğrunda canlarını verdilər. Çıxışlarda o da vurğulanıb ki, 20 Yanvardan otuz il sonra həmin şəhidlərin qəhrəmanlıq yolunu davam etdirən Vətən oğulları Azərbaycanın işğal altındakı torpaqlarını canları-qanları bahasına azad etdilər.
Tədbir zamanı paytaxtın Xətai rayonunun 7 nömrəli orta məktəbi şagirdlərinin ifasında şeirlər səslənib, 20 Yanvarla bağlı sənədli film nümayiş olunub. Uşaqlara kitablar hədiyyə edilib.
Daha sonra tədbir iştirakçıları Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası və 20 Yanvar hadisəsinə həsr olunan ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə yanvarın 20-nə keçən gecə baş verən hadisələri əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş edilib.