Fevralın 5-də Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Qara Qarayevin (1918–1982) anadan olmasının 105 ili tamam olur.

Bu münasibətlə fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində konsert keçiriləcək.

Konsertdə Əməkdar artist Vaxtanq İmanovun rəhbərliyi altında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera ansamblı çıxış edəcək. Proqramda dahi bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.

Qara Qarayev dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl", “İldırımlı yollarla" baletlərinin, eləcə də “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması və digər əsərlərin müəllifidir. Bəstəkar “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Nizami” və s. filmlərə musiqi yazıb.