Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan Nümayəndəliyi (“İWS Azerbaijan”) və Xətai Sənət Mərkəzinin nəzdində yerləşən Xətai akvarel qalereyasının təşkilatçılığı ilə yanvarın 21-də “İWS Azerbaijan”ın üzvü olan bir qrup rəssamın akvarel vorkşopu keçirilib.

Vorkşopa Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən dəstək verilib.

Tədbirin əsas məqsədi akvarellə işləyən rəssamları bir araya gətirmək, yaradıcılıq təcrübələrini bölüşmək və bu janra olan ictimai marağı artırmaqdan ibarət olub.

Xətai Sənət Mərkəzindən bildirilib ki, tədbirdə 17 suluboyaçı rəssam və 2 uşaq iştirak edib. Rəssamlar bir uzun kağız parçası üzərində sərbəst mövzuda əsərlər yaradıblar.

Tədbir akvarel və onun gələcəyi barədə müzakirələrlə davam edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.