Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun (1950-2016) doğum günü (21 yanvar) münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.

Tanınmış elm və sənət adamları, dövlət xadimləri, dostları və yaxınları, oxucuları şairin məzarı üstünə gül-çiçək dəstələri qoyaraq xatirəsini anıblar.

Anım mərasimində dövlət xadimi, tarixçi-alim Həsən Həsənov, Zəlimxan Yaqub yaradıcılığının araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, pedaqoji elmlər doktoru, professor Vidadi Orucov və başqaları Xalq şairinin Azərbaycan ədəbiyyatındakı özünəməxsus yerindən, həmçinin ictimai xadim kimi fəaliyyətindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Şairin oğlu Bəhlul Yaqubov atasının sağlığında xalqın böyük rəğbətini qazanmaqla yanaşı, dövlət tərəfindən də layiqincə qiymətləndirildiyini minnətdarlıq hissi ilə xatırladıb. O, ailələri adından tədbirə qatılanlara təşəkkürünü bildirib.