Ankarada Azərbaycan tarixinin milli mətanət səhifəsi olan 20 Yanvarın 33-cü ildönümünə həsr olunan tədbirlər keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə İqtisadi Siyasət Araşdırmaları Vəqfi (TEPAV) və Ankaranın Keçiörən Bələdiyyəsinin birgə təşkilatçılığı ilə düzənlənən tədbirdə yerli ictimaiyyət nümayəndələri, ictimai fəallar iştirak ediblər.

Keçiöreən Bələdiyyəsinin sədri Turqut Altınok və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış ediblər. T.Altınok bildirib ki, Azərbaycan xalqının müstəqillik uğrunda əliyalın, dinc mübarizəsinə qarşı edilən silahlı hücumun, törədilən qanlı cinayətin məsuliyyətini daşıyanlar cəzalandırılmalıdır.

Səfir deyib ki, bu tarix Azərbaycan xalqının əbədi müstəqillik, azadlıq uğrunda mübarizə simvoluna çevrilib və dünya durduqca xatırlanacaq, xalqa qarşı törədilən bu qətliam heç vaxt unudulmayacaq.

“Bakı qətliamı” adlı paneldə Ankara Universitetinin müəllimi Toğrul İsmayıl, TEPAV-nin əməkdaşı, Qazi Universitetinin müəllimi Sinan Dəmirtürk çıxış edərək 20 Yanvar faciəsinin törədilmə səbəbləri və nəticələri ilə bağlı fikirlərini bölüşüblər.

***

Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV), Türk Dünyası Parlamentarilər Birliyi və Qazi Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans salonunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib.

Türkiyənin dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, qardaş ölkənin hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantların, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələrinin, ictimai fəalların iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Sonra 20 Yanvar hadisələrinə həsr edilmiş qısa filmin nümayiş olunub.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV və Azərbaycan Evinin rəhbəri professor Aygün Attar 20 Yanvar faciəsi haqqında söz açıb, xatirələrini bölüşüb.

“Qara Yanvar”la bağlı Azərbaycanda, həm də ölkəmizdən kənarda çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran səfir Rəşad Məmmədov deyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyünü təmin etmək arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliamdır.

Qazi Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Alev Kuru Çakmakoğlu, Türk Dünyası Parlamentarilər Birliyinin sədri Abdullah Çalışqan və Türk Tarix Qurumunun sədri Birol Çətin çıxışlarında 33 il əvvəl törədilən bu faciənin Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq nümunəsi kimi həkk olunduğunu bildiriblər.

Mehparə Sultanova
Ankara